10 aprel - inşaatçıların peşə bayramıdır

23.10.2016
|
Comments off
|
Kateqoriyasız

10.04.2016 Azərbaycan inşaatçıları peşə bayramlarını qeyd edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur.
Azərbaycanın inşaat sektoru və memarlığı zəngin olduğu qədər də qədim tarixə malikdir. Ölkədə tikinti işlərinin geniş vüsət alması XIX əsrin sonları – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdən bu günümüzədək gəlib çıxmış qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirir.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru daha sürətlə inkişaf edib, bu dövrdə Bakı məişət kondisionerləri zavodu, Bakı dərin özüllər zavodu, Şəmkir Su Elektrik Stansiyası, Mingəçevir Dövlət Rayon Elektrik Stansiyası, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, tikinti materialları, yüngül sənaye və s. sahələrin onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil müəssisələri istifadəyə verilib. Bu prosesə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha güclü təkan verilib.
Azərbaycan inşaatının və memarlığının şanlı ənənələri bu gün müasir şəraitə uyğun daha sürətlə davam etdirilir. Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkə ərazisi böyük tikinti-abadlıq və quruculuq meydanına çevrilib. Siyasi analitiklər haqlı olaraq Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü nəhəng tikinti və quruculuq illəri kimi xarakterizə edirlər.
Respublikada sahibkarlıq sürətlə inkişaf edir. Kiçik və orta sahibkarlığın inkişafı üçün hər il dövlət tərəfindən güzəştli kreditlər verilir. Həcmi ilbəil artan bu kreditlər iqtisadiyyatın real sektoruna qoyulan investisiyaları daha da çox cəlb edir. Çünki dövlət tərəfindən verilən kreditlər, eyni zamanda, sahibkarların vəsaiti ilə tamamlanır və beləliklə, ümumi qaydada bu kreditlərin verilməsi il ərzində təqribən 300-400 milyon manat həcmində investisiyaların qoyuluşunu təmin edir.
Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatına verilən töhfədir, eyni zamanda, yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Bütün bunların məntiqi nəticəsi olaraq son illərdə ölkədə 1 milyon 100 mindən artıq iş yeri açılıb. Bu uğurda qeyri-neft sektorunun da məxsusi payı var.
Hazırda icra edilən və icra edilmiş infrastruktur layihələri demək olar ki, ölkə iqtisadiyyatına böyük dərəcədə təkan verib. Elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri, kənd yollarının, məktəb, xəstəxana binalarının tikintisi, sosial infrastrukturun yaradılması layihələrinin reallaşdırılması istiqamətində işlər geniş vüsət alıb.
Təkcə 2014-cü ilin yanvar- fevralında ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 824,6 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 7,9 faiz çox vəsait yönəldilib. Əsas kapitala cəlb olunmuş vəsaitin 1 milyard 145 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub.
Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına ilin ilk iki ay ərzində 222,9 min kvadratmetr yaşayış sahəsi, 660 şagird yerlik ümumtəhsil məktəbləri, 270 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində sağlamlıq mərkəzi, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, yağ fabriki, mis emalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.
Azərbaycanın inşaat şirkətləri dünya bazarına çıxmaq istiqamətində ilk addımlarını atmış və bu sahədə uğurlu nəticələr əldə ediblər. Artıq “Akkord”, “Azərkörpü və digər şirkətlər müasir tikinti bazalarının yaradılması və elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə, Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının xətti ilə bir sıra xarici ölkələrdə həyata keçirilən layihələrin tenderlərində iştirak edərək qalib gəlir, layihələndirmə və tikinti işləri aparırlar.

Comments are closed.