Riqa, 20 noyabr, AZƏRTAC

“Yayda Azərbaycan Avropa İttifaqında özünün Ticarət Evini açdığı ilk şəhər qismində Riqanı seçib. Bununla da Azərbaycan təkcə biznes və investisiya sahələrində deyil, həm də turizm sahəsində Latviyaya yaxınlaşmaq cəhdini aydın ifadə edib”. “Jauns.Iv” portalında yerləşdirilən Azərbaycanın turizm potensialı barədə məqalə bu sözlərlə başlayır. Populyar xəbərlər portalının jurnalistləri ölkəmizə səfər edərək, latviyalı turistlər üçün material hazırlayıblar. AZƏRTAC həmin məqalədən parçaları təqdim edir.

Dünyada ilk neft quyusu 1846-cı ildə Bakıda qazılıb…

Dünya neft bumunun əvvəlində Bakı təkcə Nobel qardaşlarını deyil, qüdrətli Rotşildləri də cəlb edib… İkinci Dünya müharibəsi dövründə Bakı neftə görə xüsusi şəhər olub. Hitler Bakının ona “sağlam” lazım olduğunu bildirərək, şəhəri bombalamağa qoymayıb…

SSRİ-nin tərkibində neft sənayesinə görə Azərbaycanda turizm infrastrukturu qonşu ölkələrdəki kimi qurulmayıb və inkişaf etdirilməyib. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bakını sovet arxitekturalı şəhər adlandırmaq olmaz…

Yerli sakinlər fəxrlə vurğulayırlar ki, Bakıda Venesiya, Monako, Berlin və başqa şəhərlərin bir parçasını tapmaq olar.

Bu gün Bakıda turizm sahəsində “Four Seasons”, “Hilton”, “Marriott”, “Fairmont” kimi nəhənglər fəaliyyət göstərir. 2014-cü ildə dünyada ən yaxşı dizayna görə arxitektura mükafatına layiq görülmüş Heydər Əliyev Mərkəzinin binası da turistləri Bakıya cəlb edir. Bu mərkəzin tikinti prosesi bütünlüklə “Discovery” kanalında nümayiş etdirilib. Təkcə arxitektura möcüzəsi sayıldığına görə Heydər Əliyev Mərkəzinə getməyə dəyər. Burada müxtəlif sərgilər, konfranslar və yüksək səviyyədə görüşlər keçirilir. Bakıda Ginnesin Rekordlar Kitabına daxil edilmiş Miniatür Kitab Muzeyi, Qafqazda ən böyük Olimpiya Stadionu da diqqətəlayiqdir.

Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Ötən il 2,5 milyon turist qeydə alınıb, onların 1 milyonu ərəb ölkələrindən, qalanları Rusiya, İran, İsrail, Yaponiya, Cənubi Koreya, Çin və Qazaxıstandan gəlib.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakov deyib: “Biz latviyalı turistlərin sayının çox olması ilə öyünə bilmərik, amma gələnlər burada gördüklərinə təəccüblənirlər. Biz “Rantur” turizm agentliyi ilə birlikdə Latviyadan Azərbaycana turizmi inkişaf etdirmək öhdəliyini öz üzərimizə götürmüşük”.

Azərbaycan latviyalı turistə yaxın və tanışdır. Sovet İttifaqı məkanında ortaq keçmiş orta və ahıl yaşlı insanlara ümumi bir dildə (rus dili) danışmağa və bir-birini yaxşı başa düşməyə kömək edir. Ölkələrimizin müstəqilliyinin əldə edilməsində də ümumi təcrübə var. Azərbaycan demokratiyaya asanlıqla nail olmayıb. Latviyalılar Bakının 137 sakininin həlak olmasına, 800-dən çox insanın zərər çəkməsinə səbəb olmuş 1990-cı ilin Qara Yanvarından xəbərdardırlar.

Turistlər Azərbaycanda nə yeyirlər?

Azərbaycanda süfrə mədəniyyəti bu ölkənin mədəniyyətinin bir hissədir. Nahar və şam yeməyi saatlarla davam edə bilər. Yemək soyuq qəlyanaltılardan başlayıb aramla ət, balıq və tərəvəzdən hazırlanmış müxtəlif xörəklərə keçir. Bütün bunların üstündən kompot içilir. Yeri gəlmişkən, hər bir restoranda kompot var. Düşbərə, müxtəlif növ qutablar, kabab, plov, dolma turistlərin çox xoşuna gəlir… Sonda mütləq mürəbbə və müxtəlif milli şirniyyatla çay süfrəsi açılır. Ən heyrətamizi isə qoz, qarpız və s. mürəbbələrdir.

Bakıda ictimai nəqliyyat ucuzdur. Şəhər nəqliyyatında bir gediş 30 qəpik və ya 15 avrosentdir. Azərbaycanda uzun müddət yaşayan latışların sözlərinə görə, ət istisna olmaqla (onun qiyməti təqribən eynidir), əsas tələbat mallarının qiymətləri Latviyadakından xeyli ucuzdur.