Bu gün İlaxır çərşənbədir

20.03.2018

Bakı, 20 mart, AZƏRTAC

Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir.

İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Uzun qış aylarında insanların evlərində saxladığı ərzaqlar tükənir. Əfsanəyə görə adamların əziyyət çəkdikləri bu gündə Su, Od Yel və Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir və burada yatmış Torpağı oyadırlar. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.

Boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə isə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Ölkəmizin bəzi bölgələrində İlaxır çərşənbə hətta Novruz bayramının özü qədər təntənəli keçirilir.

Bu il ölkəmizdə ilaxır çərşənbə Novruz bayramı ilə eyni günə təsadüf edir. Sonuncu dəfə bu hal 2001-ci ildə baş verib.

Bununla bağlı Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib ki, Novruz çərşənbələri müəyyənləşdirilərkən yaz fəslinin ölkəyə gəliş tarixi mütləq şəkildə nəzərə alınır. Bəzi hallarda axır çərşənbə bayramdan 6 gün əvvələ keçirilir.

Mütəxəssis bildirib ki, əgər ilaxır çərşənbə yaz fəslinin başlanıldığı günə təsadüf edirsə və yazın gəlişi səhər saatlarında baş verərsə, onda həmin gün ilaxır çərşənbə deyil, bayram günü kimi qeyd edilməlidir: “Bu halda ilaxır çərşənbənin tarixi 6 gün əvvələ çəkilir. Yazın gəlişi axşam saatlarında, yəni gün batandan sonra baş verdikdə isə həmin gün həm ilaxır çərşənbə, həm də bayram günü sayılır və ilaxır çərşənbə Novruz bayramı ilə üst-üstə düşmüş hesab olunur”.

Alim onu da qeyd edib ki, ilaxır çərşənbənin Novruz bayramı ilə eyni günə təsadüf etməsi bir də 2035-ci ildə baş verəcək. O zaman yaz fəslinin gəlişi gecə saat 23 radələrində baş verəcəyi üçün ilaxır çərşənbə bayram günü ilə üst-üstə düşəcək.

Bu çərşənbədə nələr etməli?

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan–bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

İlaxır çərşənbədə bayram xonçasına Novruzun atributları olan səməni, paxlava, şəkərbura, qoğal, boyalı yumurtalar, müxtəlif çərəzlər – qoz, fındıq, iydə ilə yanaşı, həm də meyvə quruları da qoyulur və şamlar yandırılır.

Çərşənbə axşamlarında bölgələrimizdə bəzənən süfrələr və şirniyyat xonçaları kiçik fərqlərlə bir-birindən seçilir. Bu çərşənbə ilə bağlı bir çox inanclar, sınamalar var. Məsələn, İlaxır çərşənbədə uşağa beşik və heyva çubuğundan gözmuncuğu düzəldərlər. Həmçinin gün çıxmamış su üstündən atlanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlar, qorxmuş insanların başından su töküb qorxunu götürərlər. Bayram günü evdən pul, od, kibrit, neft, ağartı, un, çörək və yumurta verməzlər. Evdə qazan asar, vəfat etmiş yaxın adamların adını çəkib onları yada salar, “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və sair tökərlər.

İlaxır çərşənbələrlə bağlı ənənələr

İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna “evatdı” deyirlər. Bu ənənənin əsas mahiyyəti ev-eşik təmizliyi ilə başlıdır. Lakin bu adi günlərdə görülən təmizlik deyildir. Azərbaycan qadınlarının əsas ləyaqət ölçülərindən biri ev-eşiyi təmiz saxlamaqdır. Pinti, tənbəl, natəmiz qadınlar ilk növbədə elə qadınların özü tərəfindən qınanır və istehza, gülüş hədəfinə çevrilir. Lakin ilaxır çərşənbələrdə, əsasən, üçüncü çərşənbədə həyata keçirilən bu təmizlik mərasimi xarakterlidir.

Belə ənənələrdən biri “ağacqorxutma” adətidir. Bu, ilaxır çərşənbələrin açıq formada magik mahiyyətli ənənələrindəndir. Bəzən bağdakı bir ağac meyvə vaxtı bar vermir. Bu zaman xüsusilə axır çərşənbədə həmin ayin icra olunur. Bir nəfər əlinə balta alıb ağacın yanına gəlir və üzünü ağaca tutaraq deyir ki, əgər bu il bar verməsən, meyvə gətirməsən, səni bu balta ilə kəsəcəyəm. Bəzi bölgələrdə başqa bir nəfər ağacı qorxudan baltalı şəxsi dayandıraraq deyir ki, kəsmə, mən zamin, gələn il bar verəcək. Bu ayinin mahiyyətində yenilənmə durur. Ev-eşikdən köhnə, sınıq, yararsız əşyalar atıldığı kimi, bağ-bağatda da quru ağaclar kəsilir, qurumuş budaqlar budanır. Bar verməyən, lakin sağlam olan ağaclar isə qorxudulur. Qorxutmaqda məqsəd təkcə bar almaq deyil. Bir ağacın bar verməməsi onun mal-qara kimi qısırlığı, sonsuzluğu deməkdir. Qısırlıq, sonsuzluq isə böyük uğursuzluq sayılırdı. Bu qüsuru aradan qaldırmaq üçün insanlar ağacı qorxudub, onu yeniləyir, sağaldır, qüsurunu aradan qaldırırdılar.

Bu tipli yenilənmənin – təmizlənmənin əsas vasitələrindən biri üzərlikyandırma idi. Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlikyandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf piləyərmişlər. Bu adət indi də çox yayğındır. Üzərlikyandırma təzələnmə – yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsi ilə bəd nəzər, mənfi arzular, pis niyyətlər təmizlənir. Bu, bir növ, magik profilaktikadır.

İlaxır çərşənbənin və ümumiyyətlə, 4 çərşənbənin hər birinin ən ayrılmaz və əvəzolunmaz atributu tonqalqalamadır. Xüsusilə, ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır.

İlaxır çərşənbələrlə bağlı icra edilən mərasimlərdən biri “danatma” adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Mərasim özündə mifoloji inancları və magik ayinləri birləşdirir.

Axır çərşənbənin əsas adətlərindən biri “qurşaqatdı” adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır.

İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri də “səməni nəziri” adətidir. Qəlbində bir niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunub. Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu. “Barışıq” adəti çox mühüm adətdir və insanlar buna böyük əhəmiyyət verirlər. İl ərzində insanlar, ailələr, nəsillər, kəndlər, obalar arasında konfliktlər, hətta qan düşmənlikləri yarana bilir. Bu konflikt aradan qaldırılmırsa, cəmiyyətdə bədbəxtliklərə, hətta sosial birliyin pozulmasına, el-obanın parçalanmasına, köçlərə və s. səbəb ola bilir. Novruz konfliktlərin aradan qaldırılıb, sosial birliyin bərpa edilməsindən ötrü cəmiyyətə hər il fürsət verir. Çünki insanların hamısının, o cümlədən küsülü, yaxud düşmən olan tərəflərin düşüncəsinə belə bir inanc hakimdir ki, əgər küsülülər, düşmənlər Novruzda barışmasa, bu halda həmin konflikt onların iradəsindən, istəyib-istəməməklərindən asılı olmayaraq 7 il davam edəcəkdir. Bu isə 7 il sosial gərginlik, düşmənlik içərisində yaşamaq deməkdir. Adətən, barışıq təklifi günahkar tərəfdən gəlir. Ağsaqqallar işə qarışır və konflikt tərəflərini barışdırmaqla sosial tarazlığı bərpa edirlər.

“Bayramlaşma” adəti çox geniş tərkibli mərasim aktıdır. Adətin məzmun və mahiyyəti insanların bir-birini təbrik etməsindən ibarətdir. Lakin bu, sadəcə, təbrik yox, duaetmə ayinidir. İnsanlar bu zaman bir-birinə “Bayramın mübarək olsun” deyirlər. “Mübarək” ərəb sözüdür, mənası “bərəkət” deməkdir. Beləliklə, “Bayramın mübarək olsun” demək “Bayramın bərəkətli olsun” deməkdir. Bununla insanlar bir-birinə dua-alqış edib, xeyir-bərəkət arzu edirlər.

Tamaşa ənənələri

İlaxır çərşənbələrdə icra edilən maraqlı tamaşalarından biri “Xanbəzəmə”dir. Axır çərşənbədə keçirilən bu tamaşada xanın hakimiyyəti qurulur. Onun vəzir-vəkili, köməkçiləri olur. İnsanlar ona şikayət edir. O isə müvafiq cəzalar təyin edirdi. Novruz bayramında ildəyişmənin əsas simvollarından olan keçi ilə bağlı ayrıca tamaşa var. O, “Təkəçi mərasimi” adlanır. Bu tamaşa daha çox Cənubi Azərbaycan bölgələrində oynanılır. Novruza on gün qalmış ağacdan təkə müqəvvası düzəldir, onu bəzəyir, boynundan zınqırov asır, qapı-qapı gəzir, pay yığırlar. Eyni mənzərəni “Dəvəoyunu” tamaşasında da müşahidə edirik. Burada bir nəfər özünü dəvə görkəminə salır, boynuna zınqırov bağlayır, üz-gözünə his sürtür, camaatı güldürür. Təbii ki, burada gülüş yazın gəlişinə, ilin yaradılışına xidmət edən magik təsir vasitəsidir.

“Maraloyunu” tamaşasında da ilin dəyişməsi təcəssüm etdirilir.

Yeni ilin gəlişinin heyvanla simvolizə edilməsi “Ayıoynatma” tamaşasında da aparıcı motivdir. Lakin burada həqiqi ayı olmur. Ayı obrazını bu zaman əyninə ayı dərisindən kürk geymiş həvəskar aktyor oynayır. Başqa bir həvəskar aktyor “ayının” boynundakı zəncirlə onu oynadır və tamaşaçıları əyləndirir. Ayı burada köhnə ili təmsil edir. İnsanların onun hərəkətlərinə gülməsi artıq köhnə ilin – qışın hakimiyyətinin başa çatmasını göstərir. Xalq “ayının” insanlara hücum etməsinə, yəni köhnə ilin hakimiyyətdə qalmaqdan ötrü insanları qorxutmasına gülür. Bu gülüş magik səciyyəli olub, yazın gəlişinə təsir, yazı çağırmaqdır.

Novruz tamaşalarını hamısında bu və ya digər şəkildə olsa da, bütün hallarda köhnə ilin yola salınması, yeni ilin qarşılanması simvollaşdırılır.

Oyun ənənələri

İlaxır çərşənbələrdə icra edilən oyunların bir çoxu heyvanlarla bağlıdır. Məsələn, “Xoruzdöyüşdürmə”, “İtboğuşdurma”, “Qoçdöyüşü” oyunları. “Xoruzdöyüşdürmə” oyunu Novruz bayramı günlərində, adından da göründüyü kimi, xüsusi cinsdən olan və xüsusi bəslənmiş xoruzların döyüşdürülməsidir. “İtboğuşdurma” oyununda da eyni üsulla qoyun itləri döyüşdürülür. O cümlədən “Qoçdöyüşü” oyununda da boynuna zınqırov bağlanmış, xüsusi bəslənmiş qoçlar döyüşdürülür.

Novruz bayramının ən mühüm və geniş yayılmış oyunlarından biri “Yumurta döyüşdürmək”dir. Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Qeyd etmək lazımdır ki, bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter daşımışdır. Keçmişdə dövlət başçıları da bu oyuna biganə qalmamışlar. Burada döyüşdürülən yumurtalar iki dünyanın – qışla yazın, soyuqla istinin, xaosla kosmosun mübarizəsini nümayiş etdirməkdədir.

Novruz bayramında oynanılan oyunlardan biri “Küşti”, yaxud başqa adla “Qurşaqtutma” oyunudur. Bu, sadəcə, insanların güləş yolu ilə yarışmasıdır. Güləşmə digər el şənliklərində də olur. İki tərəfdən biri qalib, biri məğlub olur.

Bayramın simvolikasını əks etdirən oyunlardan biri də “Çömçəbaşı bəzəmə” oyunudur. Bunu Novruzda yeniyetmələr oynayır. Onlar iki dəstəyə bölünür və hər dəstənin öz başçısı olur. Bir çömçənin başını müxtəlif rəngli parçalarla bəzəyir və ondan zınqırov asırlar. Püşk atılır. Püşk hansı dəstəyə düşsə, oyunu da o dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin bir oyunçusu çömçəni əlinə alıb, zınqırovu səsləndirərək çəkilmiş dairənin içərisində o tərəf bu tərəfə qaçır. Gözübağlı şəxs zınqırovu səslədəni tutmağa çalışır.

Mətbəx ənənələri

Novruz bayramının ənənələrindən də biri “Yumurta boyamaq” adətidir. İnsanlar il boyu yumurta qaynadıb yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla bağlı xüsusi mənası vardır. İlaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.

Bayramın mərasimi simvolikası “Yeddi ləvin”, yaxud “Yeddi sin” adlanan adətdə xüsusi ifadə olunur. “Yeddi ləvin” yeddi növ yemək deməkdir. Yeddi növ yemək hazırlamaq və ya bayram süfrəsinə eyni hərflə başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti olmuşdur. Yeddi ləvində süfrəyə çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurta kimi yeddi növ yemək, nemət, əşya qoyulur. Bunların hər birinin öz mənası var. 7 müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir. Bunun 7 növ ərzaqla ifadə olunması süfrənin simvolikası, ümumiyyətlə, yeməyin simvolikası ilə bağlıdır. Yəni Novruz süfrəsi də bayramın yaradılış ideyasına xidmət edir. Bayram süfrəsinə qoyulan 7 nemət artıq mərasimi məna daşıyır.

Novruz falları

“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır. Məsələn, Qaraqoyunlu bölgəsindən toplanmış mətndə deyilir ki, ilin axır çərşənbəsində ürəyində niyyət hava qaralandan sonra xəlvətcə qonum-qonşunun qapısına gedərsən. Qapı dalında durub, ayağının altına açar atıb, içəriyə qulaq asırsan. Eşitdiyin ilk kəlmə niyyətinin yerinə yetib-yetmədiyinə nişan verir. İlk kəlmə xoş mətləbə, yaxşı bir istəyə bağlıdırsa, demək, niyyətin baş tutacaq. Əgər içəridən pis söz, narazılıq, nigarançılıq bildirən kəlmə eşidərsənsə, onda istəyinə çatmaq çətin olacaq.

Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə ərgən qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.

İlaxır çərşənbənin fallarından biri də güzgü ilə falabaxmadır. Məsələn, Naxçıvan və Dərələyəz bölgələrində ilaxır çərşənbədə qızlar əllərində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, “sevdiyi oğlana gedər” deyərlər. Burada iki əsas element var: güzgü və ay. Məlumdur ki, güzgü ruhlar aləmi ilə bağlıdır. Bu halda oğlanın şəklinin güzgüdə görünməsi onun ruhunun görünməsi deməkdir. Ay obrazına gəlincə, onun oğlan obrazı ilə bağlılığı diqqəti çəkir.

Yumurta ilə falabaxma da çox geniş yayılmış Novruz mərasimlərindəndir. Bu, çox maraqlı faldır. Şəki bölgəsindən toplanmış iki yumurta falı mətninə diqqət edək: Novruz axşamı murdarlanmamış arx kənarına bir yumurta, iki rəngli qələm (qara və qırmızı), yaxud karandaş qoyurlar. Bunu edən qızdırsa, ürəyində arzu tutur ki, görəsən, bəxtinə necə oğlan düşəcək. Başqasıdırsa, hər hansı bir iş üçün niyyət edir. Məsələn, gəlin ərinin səfərdən tez qayıtmasını, ana oğlunun davadan sağ-salamat çıxmasını və s. Səhər gedib arxın kənarına qoyulan yumurtaya baxırlar: yumurtanın tən ortasından qırmızı xətt çəkilibsə, niyyətlərinin baş tutacağına inanarlar. Əksinə, qara xətt çəkilibsə, saçlarını yolarlar. O gündən üzləri gülməz.

Ümumiyyətlə, Novruz falları say və məzmunca zəngindir. Bu fallar məzmunca maraqlı olmaqla yanaşı, bir sıra hallarda çox açıq şəkildə əski təbiət kultları ilə bağlı təsəvvürləri özlərində əks etdirir.

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir