Prezident İlham Əliyev: "Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk"

14.10.2016
|
Comments off
|
Kateqoriyasız

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

– Bu gün gözəl gündür. Gözəl tədbir keçirilir, bu gün Oğuz şəhərinin içməli su ilə təminatı həll olunur. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Oğuz əhalisinin rahat yaşaması üçün növbəti töhfə olacaqdır.

İçməli su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif yerlərdə icra edilir və son aylar ərzində bu iş daha da geniş vüsət almışdır. Biz keçən həftə Kürdəmirdə, bu gün isə İsmayıllıda içməli su layihələrinin açılışını qeyd etmişik, indi isə Oğuzda. Bundan sonrakı aylarda hələ ki, içməli su ilə tam şəkildə təmin olunmayan bütün başqa bölgələrdə də bu layihələr icra ediləcəkdir. Biz vətəndaşları içməli su ilə təmin edəcəyik. İnsanların sağlamlığı, rahat yaşaması üçün çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda içməli su-kanalizasiya problemi uzun illərdir insanları narahat edirdi. Biz bu məsələni birdəfəlik həll etmişik və bundan sonra Oğuzda içməli su problemi olmayacaqdır.

Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir. Mənə verilən məlumata görə, bir neçə kənddə artıq içməli su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda bu problem tamamilə aradan qaldırılmalıdır. Bu, böyük layihələrdir, böyük vəsait, texniki peşəkarlıq tələb edən layihələrdir. Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik və regionların sosial-iqtisadi inkişafı artıq reallıqdır. Hər bir yerdə, hər bir bölgədə, hər bir şəhərdə infrastruktur layihələri icra edilir, insanların rahat yaşaması üçün işlər görülür, iş yerləri açılır.

Mən Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki səfərlərimdə müxtəlif açılışlarda iştirak etmişəm. Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin açılışını bərabər qeyd etmişdik. Keçən dəfə burada olarkən böyük parkın açılışını qeyd etdik. Bu gün su layihəsi artıq istifadəyə verilir, Heydər Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda yəqin ki, bir daha görüşəcəyik. Yəni, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük – sosial obyektlər tikilir, eyni zamanda, iş yerləri açılır. Səfərlərimin birində qlükoza zavodunun açılışında da iştirak etmişdim və zavodun gələcək fəaliyyəti ilə bağlı göstərişlər də verilmişdir. Yəni, Oğuzda sənaye, iş yerləri layihələri icra edilir, sosial obyektlər, – indi uşaq bağçası açılacaqdır, – su layihələri, qazlaşdırma artıq şəhərdə həll olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər çəkilir. Bax, budur bizim yanaşmamız. Hər bir bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir. Elə etməliyik ki, insanları narahat edən bir dənə də olsun məsələ qalmasın. O cümlədən kənd yollarının, körpülərin tikintisi. Burada kənd yollarının tikintisinə vəsait ayrılmışdır, körpü tikilmişdir. İndi buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi açılışını qeyd etmişik, artıq bu yol neçə vaxtdır ki, istifadədədir, çox rahat, gözəl yoldur. Ondan sonra Şəki-Qax yolu açılışa hazırdır. Bu yol da məsafəni təxminən 2 dəfə qısaldır və yol şimal-qərb sərhədimizə qədər uzanır. İnsanlar Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni, onu demək istəyirəm ki, bütün infrastruktur layihələri icra edilir – su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd yolları, məktəblər, xəstəxanalar, Olimpiya Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə ola bilər?! İş yerləri açılır. Ona görə dinamik inkişaf budur. Azərbaycanın reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk. Bizim çox ciddi sosial siyasətimiz vardır. Bax, bu layihə sosial siyasətin əlamətidir.

Bir daha sizi bu gözəl hadisə münasibətilə, deyə bilərəm ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Mərkəzi Xəstəxananın həkimi İradə Məmmədova dedi:

– Möhtərəm Prezident, Sizi oğuzlular adından salamlayıram. Oğuza xoş gəlmisiniz!
Bu gün bizim üçün çox əlamətdar bir gündür. Oğuzda yeni su xətti istifadəyə verilir. Suyun insan üçün necə əvəzedilməz bir nemət olduğunu biz hamımız yaxşı bilirik, bir həkim kimi mən də bilirəm. Kanalizasiya sistemi şəhərimizdə heç olmamışdır. Amma açılışında bizə şərəf verərək, bizi qürurlandıraraq Sizin iştirak etdiyiniz bu su xətti vasitəsilə Oğuz və ona yaxın kəndlər təmiz içməli su ilə təmin ediləcəkdir. Kanalizasiya sisteminin yaradılması nəticəsində şəhərimiz daha müasir bir şəhərə çevriləcəkdir. Bunlar bizə Sizin töhfənizdir, Sizin hədiyyənizdir. Oğuzlular adından ürəkdən Sizə bir daha təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, respublikamızda gedən quruculuq, yaradıcılıq, abadlıq işləri hamımızın gözü qarşısındadır. Biz hər gün, yeni-yeni obyektlərin, körpülərin, yolların, bir həkim kimi deyirəm, diaqnostika mərkəzlərinin, yeni-yeni məktəblərin, turizm mərkəzlərinin, idman komplekslərinin açılışının şahidi oluruq. Bu işlər Oğuzdan da yan keçməmişdir. Sizin qayğınız, xüsusi diqqətiniz nəticəsində qısa bir müddət ərzində Oğuz o qədər dəyişmişdir ki, təzə gələn qonaqlar buranı tanımırlar. Yollar abadlaşmış, işıqlanmış, yeni idman kompleksi, yeni xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. Xəstəxanamız hər cür müasir avadanlıqla təmin edilmiş, məktəblər tikilmiş, parklar açılmış, yollarımız abadlaşmışdır.

Bu gün daha əlamətdar bir gündür. Bu gün Oğuzda yeni bağçanın da açılışı olacaqdır. Yəqin ki, möhtərəm Prezidentimiz bu açılışda iştirak etməklə, bizi bir daha şərəfləndirəcəkdir. Bizə göstərdiyiniz bu qayğıya görə Sizə, Sizin xanımınıza, Mehriban xanım Əliyevaya həm bir qadın, həm də bir həkim kimi təşəkkür edirəm. O da bizim həmkarımızdır.

Möhtərəm Prezident, regionlarımız gündən-günə çiçəklənir, inkişaf edir. Məlumdur ki, iqtisadiyyatın ən gəlirli sahələrindən biri də turizmdir. Özünüz də gördüyünüz kimi, Allah-təala bizə belə füsunkar təbiət verib. Ancaq yalnız təbiət kifayət deyil, Sizin qayğınız, diqqətiniz, bu abadlaşma nəticəsində Oğuz turizm sahəsində gözəl bir mərkəzə çevrilir. Təbii ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də mütəxəssislərə ehtiyac vardır.
Mən bu səadəti ümumiyyətlə ağlıma gətirməzdim, Sizinlə üzbəüz dayanmaq, öz arzumu bildirmək. Mən Sizə öz ailəm adından xüsusi təşəkkür etmək istəyirəm. Sizin gənclərə olan atalıq qayğınız nəticəsində mənim qızıma da Dövlət Proqramı çərçivəsində dövlət təqaüdü verilmiş və o, Böyük Britaniyada məhz turizm sahəsində magistratura keçərək ixtisaslı bir kadr kimi respublikamıza qayıtmışdır. Bizim ailəmizin sevincini sözlə ifadə etmək çətindir. Mən buna görə Sizə ürəkdən təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

İradə Məmmədova: Möhtərəm cənab Prezident, məhz Sizin səyləriniz, gecə-gündüz işləməyiniz nəticəsində, – televizorda da göstərmişlər ki, respublikamızda ən çox işləyən şəxs Prezidentimiz və onun xanımıdır, – Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Bölgədə isə birinci dövlətik. Bu, Sizin xalqımıza olan töhfənizdir, bizim xoşbəxt, firavan gələcəyimiz üçün çalışmağınızın nəticəsidir. Sizə təşəkkür edirik, Sizinlə qürur duyuruq. Belə bir Prezidentimiz olduğu üçün çox xoşbəxtik. Oğuzlular həmişə Sizinlə olmuşdur və əmin ola bilərsiniz ki, həmişə Sizi dəstəkləyəcəklər. Azərbaycanımızın çiçəklənməsi yolunda Sizə böyük nailiyyətlər arzu edirik, yolunuz açıq olsun, Ulu Tanrı həmişə Sizi qorusun! Çox sağ olun!

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Oğuzda doğrudan da, son illər ərzində əsaslı dəyişikliklər baş vermişdir. Mən ilk dəfə Oğuza 2005-ci ildə gələndə vəziyyət tam başqa idi. Yəni, doğrudan da, Oğuz rayonu çox böyük inkişaf yolu keçmişdir. Azərbaycanda, o cümlədən Oğuz rayonunda bütün işlər ardıcıllıqla aparılır. Sürətli iqtisadi inkişafı təmin etmək üçün, ilk növbədə, necə deyərlər, ilkin şərtlər lazımdır – infrastruktur, yol, işıq, qaz. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə bilməz və biz bütün bu problemləri ardıcıllıqla həll edə bilmişik. İndi bütün infrastruktur layihələri yüksək səviyyədə həll olunubdur.

Gələcəkdə Oğuz rayonunun potensialından maksimum dərəcədə istifadə etmək üçün buranın təbiətini və təbii şəraitini nəzərə almaqla, müxtəlif istiqamətlər üzrə inkişaf planı da icra edilməlidir. Çünki burada infrastruktur var, yollar çəkilib, qaz xətləri, işıq xətləri, içməli su, kanalizasiya, xəstəxana, Olimpiya Mərkəzi, digər ictimai yerlər, parklar salınır. Buranın gələcək inkişafı yəqin ki, turizmlə, kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlı olmalıdır. Bax, bu üç istiqamət üzrə burada bundan sonra da işlər gedəcəkdir. Əminəm ki, bütün bu əsas infrastruktur layihələri icra olunandan sonra buraya investisiyalar özəl sektordan da çox qoyulacaqdır.

Əvvəlki dövrlərdə mən burada otelin açılışında da iştirak etmişdim. Bu imkanlar da var. İndi gözəl yol çəkilibdir. İndi Bakıdan buraya çox rahat gəlmək olur. Eyni zamanda, Qəbələdə bildiyiniz kimi, beynəlxalq aeroport artıq fəaliyyət göstərir və beynəlxalq uçuşlar artıq icra edilir. Aeroportdan Oğuza qədər təqribən yarım saatlıq yoldur. Yəni, hesab etmək olar ki, Oğuzun da beynəlxalq aeroportu var əminəm ki, gələcəkdə bu zonaya – Oğuza, Şamaxıya, Qəbələyə, Şəkiyə və digər rayonlara gələnlərin sayı artacaqdır.

Daxili turizm hazırda daha çox artır. Bu da çox gözəl göstəricidir. Çünki insanların imkanları artır ki, onlar öz ölkəsində gedib istirahət edirlər. Xarici turizm də artır, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, musiqi festivalları, siyasi tədbirlər, bax, sabahdan Türkdilli Ölkələrin dövlət başçılarının zirvə görüşü Qəbələdə keçiriləcəkdir. Bax, bu zonanı turizm mərkəzinə – nəinki Azərbaycanın, bölgənin və gələcəkdə dünyanın turizm mərkəzlərindən birinə çevirmək üçün bütün ilkin şərtlər vardır.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafı. Burada bu inkişaf üçün gözəl potensial vardır. Digər sahələr də vardır ki, Oğuz rayonunun inkişafına xidmət göstərə bilər və uzunmüddətli gələcəyimizi təmin edə bilər. Eyni zamanda, dövlət investisiyaları da qoyulacaqdır. Çünki baxmayaraq ki, əsas infrastruktur layihələri başa çatıb, hələ görüləsi işlər çoxdur. Kənd yerlərində görüləsi işlər çoxdur, uşaq bağçaları çatışmır, hələ qəzalı vəziyyətdə olan məktəblər yəqin ki, Oğuz rayonunda da, başqa yerlərdə də vardır. Bu işlər də ardıcıllıqla öz həllini tapacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı bundan sonra da təmin ediləcəkdir. Gələn ilin əvvəlində regional inkişaf üzrə üçüncü Dövlət Proqramı qəbul olunmalıdır. Proqramda növbəti beş il üçün konkret vəzifələr, konkret layihələr göstəriləcəkdir. Yəqin ki, Oğuz rayonundan da artıq İqtisadi İnkişaf Nazirliyinə və Prezident Administrasiyasına təkliflər verilmişdir. Bu təkliflər əsasında Oğuz rayonunun gələcək beş il ərzindəki inkişafı ilə bağlı konkret, adbaad tədbirlər göstəriləcəkdir.

Mən əminəm ki, gələcəkdə Oğuza hələ çox səfər edəcəyəm. Çünki burada açılışa hazır olacaq obyektlər çoxalacaq, həm müəssisələr, gözəl Heydər Əliyev Mərkəzi, digər obyektlər. Sizinlə hələ çox görüşəcəyik. Bir daha sizi ürəkdən təbrik edirəm və Sizə cansağlığı arzulayıram.

X X X

Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaradılması layihəsinə, sxemlərə baxdı.

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədovbildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir.

Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir.

İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri inşa olunmuşdur. Şəhərdə bütün abonentlərin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.
Dövlətimizin başçısı mərasim iştirakçıları ilə söhbət etdi.

Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Son illərdə milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir edilir.

Əvvəlcə dövlətimizin başçısı teatrın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

– Yenidən Şəkidə olmağımdan çox şadam. Artıq hər il Şəkiyə gəlirəm, burada gedən işlərlə tanış oluram. Görürəm ki, Şəkidə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl kənd yolunun açılışını qeyd etdik. Bu da çox gözəl hadisədir. Kəndlərə gedən bütün yollar indi abad olmalıdır. Bu məqsədlə həm dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan mütəmadi qaydada vəsait ayrılır. Bütün bölgələrdə, o cümlədən Şəki rayonunda kənd yollarının tikintisi gedir. Həm şəhər gözəlləşir, abadlaşır, həm də kəndlərdə işlər gedir. Bir sözlə, son illərdə Şəkinin dinamik inkişafı çox sevindirici haldır.

Əvvəlki səfərlərimdə sizinlə bərabər müxtəlif açılışlarda iştirak etmişik. Artıq bu dəfə Dram Teatrının təmiri ilə tanış olacağıq. Keçən dəfə Şəkidə olarkən bu teatra baxış proqramda yox idi. Sonra yoldaşlar məsləhət gördülər.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov: Cənab Prezident, hamımız təşəkkür edirik. Proqramdan çıxdınız, gəldiniz M.F.Axundzadənin vətəninə layiq təzə bir teatr açdınız. Sizə eşq olsun. Hamımız minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun! Yəni, əslində proqram şərti xarakter daşıyır. Əslində görüləsi işlər görülməlidir. Şəkinin mədəni həyatının daha da dolğun şəkildə təmin edilməsi üçün əlbəttə ki, teatra yeni həyat verilməli idi. Tanış olduğum mənzərə çox acınacaqlı idi. Hətta mən soruşdum ki, artistlər burada tamaşaları necə səhnəyə qoyurlar? Amma hazırda gördüyüm bu gözəl işlər məni sevindirir. İçəridə də gedən işlərlə tanış olacağam və gələn ayın sonuna qədər teatr istifadəyə veriləcəkdir.

Şəki teatrının çox böyük ənənələri vardır. Azərbaycanda tanınır və eyni zamanda, xatırlayıram ki, 1980-ci illərdə Moskvada oxuyarkən mən Şəki teatrının tamaşasında da olmuşdum. O da özlüyündə bir göstərici idi. Çünki mərkəzi şəhər olmayan şəhərin teatrının Sovet İttifaqının paytaxtında – Moskvada tamaşaları təqdim edilməsi əlbəttə ki, teatrın potensialından xəbər verirdi. Yəni, ənənələr var, siz bu ənənələri qoruyursunuz.

Əlbəttə, teatrın binasının təmiri hesab edirəm ki, çox vacib məsələdir. Şəki teatrı üçün gözəl bina olmalıdır. Bu bina da indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət göstərəcəkdir. Bu teatrın təmiri, bərpası hesab edirəm ki, son illər Azərbaycanda bu sahədə görülən işlərin əlamətidir. Bildiyiniz kimi, Bakı şəhərində bütün teatrlar, bütün muzeylər əsaslı təmir edilibdir. Yeni muzeylər, teatrlar tikilib açılır, o cümlədən bölgələrdə. Yəni, Azərbaycanın mədəni həyatı bütün dövrlərdə çox zəngin idi və xalqımız üçün çox vacib idi. Bu gün də belədir, humanitar sahəyə, mədəniyyət sahəsinə çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə görülən işlər beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Azərbaycanda – Bakıda, başqa yerlərdə musiqi festivallarının, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi humanitar sahənin nə qədər vacib olduğunu göstərir. Əlbəttə, teatr sənətinin Azərbaycanda çox böyük tarixi vardır. Müsəlman aləmində ilk teatr, ilk opera məhz Azərbaycanda yaranmışdır. Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq və gələcək nəsillər üçün saxlamalıyıq. Çünki hər bir ölkənin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycanın mədəni həyatı kifayət qədər zəngindir.

Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə ki, təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Burada artıq yeni gözəl mehmanxanalar yaranmaqdadır. Gözəl şərait yaradılır. Yəni, Şəkinin Azərbaycan tarixində öz layiqli yeri vardır. Əlbəttə ki, Xan sarayı Azərbaycan mədəniyyətinin dəyəridir və onun böyük sərvətidir.

Bu gün biz, eyni zamanda, “Şəki Xanlarının evi”nin təmirdən sonra istifadəyə verilməsini qeyd edəcəyik. Bu da çox əlamətdar hadisədir ki, Şəkinin tarixi və zəngin mədəniyyəti qorunsun, saxlanılsın, gələcək nəsillərə ötürülsün və Şəki dünya miqyasında tanınan bir şəhərə çevrilsin. Şəki buna layiqdir. Həm tarix, mədəniyyət, özünəməxsus həyat tərzi, mətbəx – bax, bütün bu amillər Şəkinin gözəl xüsusiyyətləridir. Siz şəkililər, əlbəttə, bunu məndən yaxşı bilirsiniz. Amma onu da bilirsiniz ki, Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq. Əlbəttə ki, görülən işlərin arasında teatrın öz yeri vardır.

Əvvəlki səfərlərimdə, digər açılışlarda bərabər iştirak etmişik. Keçən dəfə şəhər xəstəxanasının açılışını qeyd etmişik. Olimpiya Mərkəzi, digər obyektlər, tarixi obyektlər bərpa olunub. Bir daha demək istəyirəm ki, bu teatr da böyük ənənələrə malikdir. Əminəm ki, bu ənənələr burada bundan sonra da yaşayacaqdır. Bir daha sizi salamlayıram və təbrik edirəm.

X X X

Rayon ictimaiyyətinin minnətdarlığını çatdıran Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili çıxış edərək dedi:

– Möhtərəm Prezidentimiz, icazə verin Şəki ictimaiyyətinin və Şəki Dövlət Dram Teatrının kollektivi adından Sizə Şəkisayağı deyim: “Xoş gəlmisouz, səfa gətirmisouz, qədəmləriniz mübarək olsun, uğurlu olsun!”

Son dövrlərdə Şəkidə gedən iqtisadi inkişaf, yenidənqurma danılmaz faktlardır. Yəni, Şəki son dövrlərdə çox sürətlə inkişaf edir. Əlbəttə ki, bunların hamısı Sizin sayənizdədir. Sizin diqqətinizin, qayğınızın sayəsində bu gün Şəki, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

Siz ötən dəfə teatra gələndə bir söz işlətdiniz ki, sizin tamaşanız mənim çox xoşuma gəlmişdir. Mən həmin sözdən qürurlanıb bir şeyi demək istəyirəm ki, çox sağ olun, bizim tamaşamızı heç vaxt yadınızdan çıxarmamısınız. Mən istəyirəm heç kəsin bilmədiyi, heç kəsin xəbəri olmadığı bir əhvalatı Sizə danışım. Rəhmətlik baş rejissorumuz Hüseynağa Atakişiyevi Moskva qastrolu zamanı telefona çağırırlar. O da gedib telefonun dəstəyini götürür. Səs gəlir: “Hüseynağa, xoş gəlmisiniz Moskvaya, səfa gətirmisiniz”. Hüseynağa müəllim deyirdi ki, yerimdə qurudum qaldım. Bu insanın bu qədər işi-gücü olan vaxtı haradan bildi ki, biz Moskvaya qastrola gəlmişik?! Dəstəkdən yenə səs eşidildi: “İşləriniz necə gedir, teatrda tamaşalarınızı qəbul edirlərmi?”. Deyirdi, cavab verdim ki, çox sağ olun Heydər Əliyeviç, hər şey öz qaydasındadır, hər şey normaldır. Ulu Öndər deyir: “Məndən uşaqlara salam söyləyin. Siz ürəkli, cəsarətli olun. Mən qəzetlərdə, “Veçernaya Moskva” qəzetində Sizin qastrol tamaşanız haqqında yazıları izləyirəm”.

Yəni, bu gün Şəkidə bu teatrın təmir olunması əlbəttə, bizim Ulu Öndərimizin, yəni dühamızın qoyub getdiyi izdir. Bu gün Siz onu çox gözəl davam etdirirsiniz. Buna görə də Sizə çoxlu-çoxlu, o qədər təşəkkür etmək istəyirəm ki, bilmirəm haradan başlayım. Siz var olasınız, sağ olasınız!

Şəki son vaxtlar festivallar, yubileylər şəhərinə çevrilibdir. Bu yaxınlarda “İpək yolu” musiqi festivalı keçirildi. Mirzə Fətəli Axundzadənin 200 illik, Şəkinin 2700 illik yubileyləri qeyd olundu. Xan sarayının 250 illik yubileyi keçirildi. Bunlar üçün də Sizə “çox sağ olun” deyirəm. Mən hələ o qədər sağ ol deyəcəyəm ki.

Tərəqqi, inkişaf göz qabağındadır. Bu inkişaf təkcə Şəkidə deyil, respublikamızın hər yerində gedir. Şəki gündən-günə gözəlləşir. Hətta bir müddət şəhərimizdə olmayan insanlar Şəkiyə dönəndə təəccüblənirlər: “Bu bina nə vaxt tikildi?” Yəni, indi Şəkidə inkişaf çox dinamik gedir. Mən yalnız bir şeyi deyə bilərəm ki, Siz 2011-ci ildə buraya gəlib baxandan sonra teatrımızın təmiri barədə Sərəncam verdiniz. İnana bilməzdik ki, belə az bir müddətdə bizim bu cür gözəl teatrımız olsun.

Prezident İlham Əliyev: Belə də olmalıdır.

Hikmət Nəbili: Buna görə də Sizə bir daha “sağ olun” deyirəm, bir daha təşəkkürümü bildirirəm.

Möhtərəm Prezidentimiz, əmin olun ki, bütün Azərbaycan xalqı və Şəki camaatı Sizə inanır, etibar edir. Ona görə də mən yalnız Sizə sağ olun, var olun deyirəm.

X X X

 

Prezident İlham Əliyev: Çox sağ olun. Bildiyiniz kimi, Şəkinin inkişafı ilə bağlı bir müddət əvvəl xüsusi Sərəncam imzalanmışdır. O Sərəncamda Şəkinin tarixi əks olunur. Sərəncamın nə üçün verildiyi də artıq orada əks olunur. Əlbəttə, Azərbaycanın hər bir şəhəri, hər bir yaşayış məntəqəsi bizim üçün əzizdir, doğmadır. Ancaq Azərbaycanın tarixi mərkəzləri vardır. Azərbaycanda bir neçə böyük tarixi mərkəz vardır ki, biz onların tarixini həm bilməliyik, həm qorumalıyıq və inkişaf etdirməliyik. O cümlədən, onların arasında Şəkinin də xüsusi yeri vardır. Burada xanlıq olubdur. Burada xanlar olublar və gözəl binalar tikiblər. Belə tarixi mərkəzlərin inkişafı xüsusi diqqət tələb edir. Xüsusilə Şəkinin yenidən qurulması, müasirləşməsi, abadlaşması çox böyük ustalıqla və dəqiqliklə aparılmalıdır ki, şəhərin tarixi siması silinməsin. Yəni, pozulmasın, ona bir zərrə qədər zərər dəyməsin. Ona görə Şəkinin gələcək inkişaf planı ilə bağlı mənə vaxtaşırı məruzələr edilir. Mənim də tövsiyələrim, hesab edirəm ki, siz də razılaşarsınız, ondan ibarətdir ki, tarix qorunmalıdır. Şəkinin tarixi o qədər zəngindir ki, bu tarixə nəyisə əlavə etməyə ehtiyac yoxdur. Yəni, bu tarix qorunmalıdır. Əlbəttə, yeni binaların tikilməsi də lazımdır. Çünki hər bir şəhərdə olduğu kimi, burada da yeni binalar tikilməlidir. Qədimi üslubda tikilməlidir ki, bu, Şəkinin özünəməxsus simasına ziyan vurmasın. Ona görə burada gedən quruculuq işləri geniş ictimai müzakirələrə də səbəb olur. İctimaiyyət bu işlərdə iştirak edir. Xüsusilə ziyalılar, deputatlar iştirak etməlidirlər. Şəkinin gələcək inkişafı ilə bağlı konkret planlar vardır. Yeni böyük binaların, Heydər Əliyev Mərkəzinin, icra hakimiyyətinin binalarının inşasına başlanılıbdır, yeni yerlər müəyyən edilibdir. Bu yerlər bir qədər kənarda yerləşir. Elə də olmalıdır. Amma görürəm, şəhərin tarixi mərkəzində, bax, bu bərpa işləri çox böyük zövqlə və həssaslıqla aparılır ki, Şəkinin nadir şəhərsalma ansamblını qoruyaq. Biz də bunu bərabər edəcəyik.

Yaqub Mahmudov: Mən cənab Prezidentə Şəkidə hamımızın adından xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə ona görə ki, cənab Prezident Azərbaycanda tarixi şəhərlərin dirçəlməsi konsepsiyasına Şəkidən başlayıbdır. Şəkini bütövlükdə tarixi şəhər kimi dirçəltmək işini Azərbaycan Prezidenti, dünyanın böyük dövlət xadimi, bizim sevimli İlham Əliyevimiz başlayıbdır. Mən ona Sizin hamınızın adından dərin minnətdarlığımı bildirirəm. Hamımız minnətdarlığımızı bildiririk ki, doğrudan da, Şəki son zamanlara qədər bir dalana dirənmişdi. Bura elə bil ki, nəzərdən salınmışdı, cənab Prezident. Mən çox açıq demək istəyirəm. Siz o buzu tamam sındırdınız.

Prezident İlham Əliyev: Sizin məktubunuzun əsasında.

Yaqub Mahmudov: Var olun, çox sağ olun. Şəkiyə 4-5 dəfədir gəlirsiniz, neçə Sərəncam verilibdir. İndi Şəki bütövlükdə intibah dövrünü yaşayır. Mən bir tarixçi olaraq demək istəyirəm ki, gələcək Azərbaycan tarixində Azərbaycan tarixinin qurucu Prezident dövrü – qurucu İlham dövrü yazılacaqdır. O, İlham Əliyevlə bağlıdır. Çünki Azərbaycanın hər yerindəki inkişaf, quruculuq, abadlıq işləri İlham Əliyevin adı ilə bağlıdır. Xüsusilə tarixin dirçəldilməsi bizim Prezidentimizlə bağlıdır.

Prezidentimiz bu gözəl ab-havanı, tarixi, gözəlliyi, dağları, ahəngi çox dəqiq qeyd etdi. Prezidentimizə möhkəm cansağlığı arzu edirik. O, bu tarixi şəhərin dirçəldilməsinə qol qoydu. Tez-tez buraya gəldi, neçə-neçə sərəncam verdi. Arzu edək ki, Prezidentimiz bu şəhəri gələcəkdə UNESCO-nun siyahısına saldırsın.

Prezident İlham Əliyev: Ola bilər.

Yaqub Mahmudov: Bizim Xan sarayı nadir abidədir. Cənab Prezident bunu hər yerdə deyir. Bir dənə də mismar işlənməmişdir. Bura dövlətçilik mərkəzidir. Şimal-qərbi Azərbaycanda Şəki olmasa, bu torpaqlar burada qalmazdı. Şəki buranı qoruyub saxlayıbdır. Ona görə də Prezidentimiz bir tarixçi Prezident kimi, bu tarixi şəhəri sevir, buraya bütün gücünü qoyur. Cənab Prezident, Şəkinin 2700 illiyini də keçirdik.

2004-cü ildən Prezident Tarix İnstitutunu mənə etibar edib. Dəqiq deyə bilərəm ki, bütün tariximiz Prezidentin sayəsində dirçəlir. Bütün yazılan əsərlərimiz Prezidentin tapşırığı, tövsiyəsi ilə yazılır. Azərbaycanın yeni tarixi işlənilir. Bu quruculuq, Azərbaycanın yeniləşmə, dirçəlmə tarixi Prezidentimizin adı ilə bağlıdır. Bura da artıq Sizin adınızla bağlıdır. Burada M.F.Axundzadəyə layiq bir teatr oldu. Şəhərdə çatışmayan iş bu idi. Bunu da Siz etdiniz. Azərbaycanda ən böyük körpünü Şin çayı üzərində Prezident İlham Əliyev saldırdı. Bir aşırımı 1350 metr, uzunluğu isə 7-8 kilometrlik körpü. Qaxdan buraya, bizim o kəndlərdən bir arayış üçün iki saata gəlirdilər. İndi isə on beş dəqiqəyə. Bu körpü kimi nəhəngini mən Amerikada Key West adalarına gedəndə görmüşəm. Onu Siz burada yaratdınız. Ona görə də var olun, sağ olun. Azərbaycan Sizin arxanızdadır. Mən çox yerdə oluram. Bu bölgə də, Şəki də həmişə Sizin yanınızdadır, Sizin arxanızdadır. Bu evlərin hər birində Sizin adınız hörmətlə çəkilir. Sizin arxanızdayıq, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun Yaqub müəllim.

Yaqub Mahmudov: Sizə eşq olsun!

Prezident İlham Əliyev: Çox sağ olun!
X X X
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Görülən işlərlə tanış olan Azərbaycan Prezidenti binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara da baxdı.

Məlumat verildi ki, qədim Şəkinin də Аzərbаycаnda tеаtrın təşəkkül tаpmаsında və inkişafında özünəməxsus pаyı vаrdır. Şəkidə peşəkar tеаtr 130 və Sabit Rəhmаn аdınа Şəki Dövlət Drаm Tеаtrı 30 illik yаrаdıcılıq yоlu keçmişdir. 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Azərbaycan Prezidentinin Şəkinin inkişafı məqsədilə 2011-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanılmışdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaqdır. Tamaşalarda istifadə ediləcək dekorasiyaların quraşdırılmasının sürətləndirilməsi məqsədilə səhnə fırlanan şəkildə düzəldiləcəkdir. Binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılmışdır. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır. Binada aktyorların məşqi üçün kiçik səhnə və qrim otaqları vardır. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülmüşdür.

Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
———
02:31

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bu istiqamətdə bölgələrdə də xeyli iş görülmüşdür. Milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir olunur.

Əvvəlcə dövlətimizin başçısı binanın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Dram Teatrının direktoru Hikmət Nəbili dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Görülən işlərlə tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılmışdır. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır.

Məlumat verildi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Azərbaycan Prezidentinin Şəkinin inkişafı məqsədilə 2011-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılmışdır. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanmışdır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaqdır. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülmüşdür.

Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

———
01:45

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi – “Şəkixanovların evi” ilə tanış olmuşdur.

Xatırladaq ki, dövlətimizin başçısı 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən “Şəkixanovların evi”nin əsaslı təmiri ilə bağlı göstəriş vermişdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilmiş və bu məqsədlə vəsait ayrılmışdı.

Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Şəkixanovların evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın inşaası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılmışdır.

Diqqətə çatdırıldı ki, XVIII əsrə aid tarixi abidə olan “Şəkixanovların evi” ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunmuşdur.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

———
00:22

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir.

Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılmışdır. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.

Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. Müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət etdi.

Prezident İlham Əliyev: Necəsiniz? İşlər necə gedir, necə işləyirsiniz?

Tikişçilər: Çox sağ olun, bu şəraitə görə minnətdarıq.

Prezident İlham Əliyev: Biz qadınlar üçün də iş yerləri yaradırıq. Bu, həm ölkə üçün lazımdır, həm iş yerləridir. Həm də ki, qadınların işə cəlb edilməsi məsələləri öz həllini tapır. Hər halda iş yerlərinin açılması, belə gözəl, müasir şəraitdə bu işlərin təşkili sevindirici haldır. Sizi təbrik edirəm.

Tikişçi qadın: Cənab Prezident, rayonumuzda qadınlar üçün bu gözəl şəraiti, bu tikiş fabrikini yaratdığınıza görə Sizə ürəkdən minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun! Amin!

Başqa bir tikişçi qadın: Cənab Prezident, biz 1990-cı illərin əvvəllərində çörək növbələrini də görmüşük. Bugünkü gözəl, xoşbəxt həyatı yaşadığımıza görə, göydə Allaha, yerdə Sizə ürəkdən minnətdarlıq. Sizə uzun ömür, cansağlığı, bundan da gözəl nailiyyətlər, uğurlar arzulayırıq. Amin!

Prezident İlham Əliyev: Çox sağ olun! İsmayıllıda işlər yaxşı gedir. Yeni rəhbərlik də çox fəal başlayıb. Artıq biz içməli su layihəsini də həll etdik. İndi şəhərə içməli su veriləcəkdir. Digər layihələr, iş yerləri, sosial obyektlər, avtovağzal, ondan sonra gedəcəyik elektrik stansiyasının açılışına. İsmayıllıda işlər kompleks şəkildə və sürətlə gedir. Belə iş yerlərinin açılması da onu göstərir ki, rayon dinamikanı artıq əldə saxlaya bilib.

İşçilər: Sizin rəhbərliyiniz sayəsində, cənab Prezident.

Prezident İlham Əliyev: Sizə yeni uğurlar, cansağlığı arzulayıram!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:

– Bu gün gözəl tədbirdir. Biz İsmayıllıya içməli suyun verilməsini qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox vacib layihədir, böyük layihədir.

Su insan üçün əsas məsələdir. Şadam ki, İsmayıllıda da içməli su və kanalizasiya layihəsi icra edilir. Biz indi suyun verilməsini qeyd edəcəyik və bundan sonra İsmayıllı şəhərinin təmiz, keyfiyyətli, içməli su ilə təminatı artıq həll olunacaqdır.

Digər infrastruktur layihələri də icra edilir. Qazlaşdırma da uğurla aparılmışdır. Şəhər tamamilə qazlaşdırılıb, kəndlərdə də qazlaşdırma gedir. Əsas infrastruktur layihələri bunlardır və bunları biz həll edirik. Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.

İnfrastruktur layihələri, insanların işlə təmin edilməsi məsələləri həll edilir. Bu gün yeni tikiş fabrikinin açılışını qeyd edəcəyik. Rayonun kompleks şəkildə inkişafı ilə bağlı konkret tədbirlər planı vardır. Yeni rəhbərlik işə çox böyük fəallıqla və çox böyük həvəslə başlamışdır. Yeni rəhbərlik təyin olunanda qarşıya bir neçə vəzifə qoyulmuşdu. İlk növbədə, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməli idik və artıq biz bunu görürük. Eyni zamanda, insanları narahat edən problemlər öz həllini tapmalı idi. İnsanlara diqqət, qayğı göstərilməlidir. Mənim bütün icra başçıları qarşısında qoyduğum əsas məsələlər bunlardır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bax, bu layihə də sırf sosial xarakter daşıyır. Buraya qoyulan investisiyalar çox böyük investisiyalardır. Qazlaşdırma, su xətləri, kanalizasiya, yollar, sosial obyektlərin tikintisi böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti büdcə hesabına ödəyir ki, insanların rahat yaşaması üçün daha da yaxşı imkanlar yaransın.

Sosial siyasət əsas məsələdir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq. Məktəb, xəstəxana tikintisi. İsmayıllıda da xəstəxana tikilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Su layihələri və digər sosial məsələlər. Əlbəttə, yeni rəhbərlik qarşısında bir vəzifə də qoyulmuşdur ki, biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər saxlanılacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl potensial, rayonun öz potensialı, böyük imkanlar vardır. Burada zəhmətkeş, vətənpərvər insanlar yaşayır, dövlət qayğısı var, dövlət vəsaiti ayrılır, eyni zamanda, özəl sektor da fəal iştirak edir.

Bax, bu yanaşma hesab edirəm ki, ölkəmizdə son illərdə əldə edilən uğurların əsas şərtidir. Dövlət investisiyaları, sahibkarlığın dəstəyi və özəl qurumların həm biznes, həm də sosial sahələrə göstərdiyi diqqət yeni bir ab-hava yaradır. Əminəm ki, bundan sonra İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır, insanlar rahat yaşayacaqlar və öz işi ilə, öz zəhməti ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər.

İsmayıllını müasir turizm mərkəzinə çevirmək üçün imkanlar vardır – gözəl təbiəti, iqlimi, Bakıya yaxınlığı. Bütün bu əsas məsələlər, infrastruktur layihələrinin artıq icra edilməsi. Yəni, bu fürsət əldən verilməməlidir. İsmayıllı doğrudan da ən qabaqcıl rayona çevrilməlidir. Buna imkanlar vardır.

Azərbaycan dövləti buna nail olmaq üçlün öz səylərini göstərir. Yerli icra orqanları yeni prinsiplər əsasında işləyirlər və bilirəm ki, bu, əhali tərəfindən də dəstəklənir. Bütün ictimaiyyət, fəallar bir amal ətrafında birləşməlidir ki, rayonda işlər daha da sürətlə getsin, ölkəmiz daha da güclənsin və Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin.
Bax, bu layihə son illər ərzində atılmış addımların nəticəsidir və bir daha demək istəyirəm ki, içməli su layihəsi insanların sağlamlığı üçün əsas şərtdir. Bunu biz edirik və bundan sonra da belə gözəl layihələrin sayı artacaqdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.

X X X

İsmayıllının sosial iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov dedi:

– Möhtərəm cənab Prezident!

İsmayıllı ictimaiyyəti adından Sizi salamlayıram. İsmayıllıya xoş gəlmisiniz.

Bu gün ölkəmizin hər yerində böyük infrastruktur layihələri həyata keçirilir. Elə gün, elə həftə elə ay olmur ki, Siz ayrı-ayrı bölgələrdə su, işıq, qaz, yol açılışlarında olmayasınız. İnsanların problemlərini Siz sistemli həll edirsiniz. Bu sistemliliyi biz görür, mətbuatdan oxuyuruq. Mən Əməkdar Müəlliməm. Şagirdlərimə də bunu başa salıram ki, həyata keçirilən bu layihələr bu günlük, sabahlıq, birisi günlük deyildir. Bu, yüz illəri əhatə edəcəkdir. Bu gün Sizin açdığınız bu möhtəşəm su layihəsi təkcə bizim indiki nəsli yox, gələcək nəsilləri də əhatə edəcəkdir. Şəhərimizin 25 min sakini bu təmiz sudan, bulaq suyundan istifadə edəcəkdir. Bu, böyük nailiyyətdir. Bu böyük neməti Siz bizə bəxş edirsiniz, cənab Prezident. Buna görə Sizə böyük minnətdarlığımızı, əhalinin böyük dualarını çatdırırıq. Hər bir sakin Sizin gördüyünüz bu işləri dəstəkləyir. Bu işlər bu gün İsmayıllıda böyük ruh yüksəkliyi yaratmışdır.

Möhtərəm cənab Prezident! Biz ziyalılar müşahidə edir, görürük ki, bütün bölgələrdə, bütün yerlərdə böyük işlər, böyük struktur dəyişiklikləri aparırsınız. Bunlar hamısı insanın rifahına xidmət edir, insanların daha yaxşı yaşamasına, onların həyatını, rifahını düzgün qurmasına köklənmişdir. Bu gün İsmayıllıda da o qədər layihələr həyata keçirilir ki, bunların məğzində, mənasında bir şey durur – insan amili, onun həyat tərzinin yüksəlməsi. Siz həmişə vurğulayırsınız ki, mən istəyirəm insanlar yaxşı yaşasın, onların geniş imkanları olsun və biz buna çalışacağıq. Bax bu gün Sizin çalışdığınız məqsədlər İsmayıllıda da öz bəhrəsini verir. Biz bunun şahidləriyik və qədirbilən ismayıllılılar bunu heç zaman unutmayacaq və həmişə bu görüşləri böyük ehtiramla yad edəcəklər.

Hörmətli cənab Prezident! Salınan parklar, geniş xiyabanlar, yollar, işıqlandırılmış küçələrimiz, əzəmətli qalalarımız bizim xoşbəxt sabahımızdan, Sizin uğurlu siyasətinizdən, Azərbaycanın sabahının bugünkündən də yaxşı olacağından xəbər verir.

Cənab Prezident, biz bütün bunlarla fəxr edirik. Fəxr edirik ki, Azərbaycan indi dünyanın ən inkişaf etmiş qüdrətli dövlətlərindən biridir. Bir çox dövlətlərin çatışmazlıqlara, böhranlara məruz qaldığı bir dövrdə Azərbaycan daha sürətlə inkişaf etdi, əhalisinin səviyyəsi ildən-ilə daha da yüksəlir. Bütün bunlar Sizin əməyinizin nəticəsidir. İndi Azərbaycanda dünyanın ən böyük tədbirləri keçirilir. Hətta bölgələrimizdə belə tədbirlər keçirilir. Çünki bölgələr inkişaf edir, artıq paytaxt səviyyəsinə çatıb. İsmayıllı da, inşallah, paytaxt səviyyəsinə çatmaq ərəfəsindədir. Bugünkü işlərin canlanması, əhalimizdə olan ruh yüksəkliyi bizə bunu deməyə əsas verir.

Cənab Prezident, Ulu Öndərimiz Sizə özü qədər inandığını demişdir. Biz ziyalılar, biz ismayıllılılar Sizə özümüzdən də artıq inanırıq, etibar edirik. Gələcəyimizi yalnız Sizə etibar edirik. Xoşbəxt gələcəyimizi yalnız Sizin siyasətinizdə görürük. Bu, sınanmış siyasətdir. Bu, xalqa söykənən siyasətdir. Bu siyasəti apardığınıza görə Sizə dərin minnətdarlığımızı, dərin ehtiramımızı bildirirəm. Güclü, qüdrətli Azərbaycan naminə görəcəyiniz işlərdə Allah Sizə daim yar olsun, Allah sizi qorusun! Sağ olun!

X X X

Prezident İlham Əliyev dedi:

– Çox sağ olun! Dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Mən çalışacağam ki, bundan sonra da xalqın etimadını doğruldum. Çünki hələ görüləsi işlər çoxdur. Doğrudan da, bizim gözəlləşən şəhərlərimiz, abadlaşan kəndlərimiz, bugünkü reallıqdır.

Dünyanın bir çox ölkələrində böhran yaşanır. Artıq 4-5 ildir ki, bəzi ölkələr bu böhrandan çıxa bilmirlər. Böhran həm iqtisadi tənəzzülə, həm də sosial proqramların dayandırılmasına gətirib çıxarır, iş yerləri ləğv edilir. Amma Azərbaycanda biz bunun tamamilə əksini görürük. Azərbaycan inkişafdadır. İndi bütün iqtisadi göstəricilər ən yüksək səviyyədədir.

Bu ilin altı ayının yekunlarına görə qeyri-neft sektorumuz 11 faiz artmışdır. Ümumi iqtisadiyyatımız 5 faiz artmışdır. İş yerləri açılmışdır. O cümlədən bölgələrdə quruculuq işləri görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. Azərbaycanda bir dənə də olsun sosial infrastruktur layihəsi dayandırılmamışdır. Bax, bu su layihələri, doğrudan da, böyük vəsait tələb edən layihələrdir.

Yaxşı xatırlayıram ki, hələ bir neçə il bundan əvvəl bu layihələri icra etmək, xaricdən kreditlər almaq üçün bizdə müəyyən çətinliklər yaranmışdı. Yəni, o vaxt beynəlxalq maliyyə qurumları kreditlərin ayrılmasına o qədər də maraq göstərmirdilər. Xüsusilə sosial layihələrə ki, bu layihələrə qoyulan vəsait heç vaxt qayıtmayacaqdır.

Ancaq bu gün iqtisadi islahatlar nəticəsində biz elə bir güclü iqtisadi baza yaratmışıq ki, nəinki xaricdən kredit almağa ehtiyacımız yoxdur, özümüz də bəzi ölkələrə kreditlər veririk.
Beynəlxalq maliyyə qurumlarına kreditlər veririk. Bu da iqtisadi, siyasi cəhətdən bizim maraqlarımızı təmin edir.

Azərbaycan bölgənin lider dövlətidir. Bunu artıq bütün beynəlxalq aləm də etiraf edir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür, iqtisadi islahatlar sahəsində nümunə göstərən ölkədir. Bilirəm ki, Azərbaycanın bölgələrində aparılan islahatlar və regional inkişaf proqramları ilə bağlı təcrübə başqa ölkələrdə də öyrənilir. Biz buna necə nail ola bilmişik? Biz bölgələri necə canlandıra bilmişik?

Hələ görüləsi işlər çoxdur. Elə rayonlar vardır ki, orada işlər çox yaxşı gedir. Elə rayonlar vardır ki, bir qədər zəif gedir. Ona görə, mən də çalışıram ki, bütün rayonlarda mütəmadi qaydada olum və işlərin nə yerdə olduğunu öz gözümlə görüm.

Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcəkdir.

Bütün vəzifəli şəxslər qarşısında qoyduğum əsas tələbləri mən qeyd etdim. Bir daha demək istəyirəm – mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcəkdir.

Əldə edilmiş uğurlar heç bir yerdə təkrarlana bilməz. Biz son ilin statistikasını, görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq bu bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik və görə də bilərik. Çünki zəhmətkeş xalqımız, xalqla iqtidar arasında birlik, dövlət siyasəti vardır. Bu siyasətin mərkəzində vətəndaşdır, Azərbaycan vətəndaşıdır. Gözəl ölkəmiz, gözəl təbiətimiz, təbii sərvətlərimiz, artıq gözəl infrastrukturumuz vardır. Bundan sonra Azərbaycan daha da sürətlə qabağa getməlidir.

Bölgələrin inkişafı gələcəkdə ölkəmizin ümumi inkişafını təmin edəcəkdir. Çünki hələ ki, iqtisadiyyatımızın əsas hissəsi təbii ehtiyatlardır. Ancaq on ildən, iyirmi ildən sonra, bəlkə də ondan da tez bir vaxtda iqtisadiyyatımızın əsas hissəsi qeyri-neft sektoru olacaqdır. Artıq bu proses başlamışdır. İqtisadiyyatımızın əsas hissəsi indi qeyri-neft sektorunda yaranır. Ancaq gələcəkdə qeyri-neft sektorunun payı daha da artmalıdır. Ona görə hər bir bölgədə iş yerləri – kənd təsərrüfatı, yüngül sənaye, infrastruktur layihələri – hər bir kənddə, hər bir şəhərdə problemlər həll olunmalıdır. Belə olan halda ölkədə bütün problemlər həll olunacaqdır.

Azərbaycanın bugünkü reallıqları bir daha müstəqilliyimizin üstünlüklərini göstərir. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdır. Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin. Əminəm ki, İsmayıllıda da bütün bu işlərə böyük dəstək vardır. Vətəndaşlar bütün bu məsələləri yaxşı dərk edirlər və öz işləri ilə rayonu da, ölkəmizi də gücləndirəcəklər. Bir daha sizi təbrik edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd ƏhmədzadəPrezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayının məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir.

X X X

Daha sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.

Prezident İlham Əliyev: Su təminatı necə idi, gündə neçə saat su verilirdi?

Sakin: İki saat.

Prezident İlham Əliyev: İki saat, yığıb saxlayırdınız. Amma indi neçə saat olacaq?

Əhməd Əhmədzadə: 24 saat. Cənab Prezident, bizə 64 litr su lazım idi, amma mənbədə 100 litrdən artıq su vardır.

Prezident İlham Əliyev: Yəni, çoxdur.

Əhməd Əhmədzadə: Bəli, cənab Prezident, çoxdur.

Prezident İlham Əliyev: Həm də keyfiyyətli sudur.

Əhməd Əhmədzadə: Dağ çayının bulaq sularıdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Qazlaşma da tam həll olunub. Normal təzyiqlə verilir.
Sakinlər: Bəli, korluğumuz yoxdur.

Prezident İlham Əliyev: Daha hansı işlər görülməlidir?

İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov: Çox sağ olun, cənab Prezident, Siz İsmayıllıda iş yerlərinin açılması, infrastrukturun yaradılması barədə tapşırıq vermişdiniz. Bu gün İsmayıllıda tikiş fabrikinin, yeni kollecin açılışına görə Sizə təşəkkür edirik. İsmayıllı camaatı bunu çoxdan gözləyirdi. Həm də kollecimiz regional olacaq. Ətraf rayonları da mütəxəssislərlə təmin edəcəyik. Kənd təsərrüfatının inkişafı ilə bağlı Sizə məruzə etdim. Həm də yeni aqroparkın yaradılması ilə bağlı layihələrə biz də qoşulmağa hazırıq. Əlbəttə, Sizin razılığınız olarsa, İsmayıllıda “Kür” kompyuter zavodunun İsmayıllı filialında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki servis şöbəsi fəaliyyət göstərir. Gələcəkdə imkan olarsa xarici ölkələrlə danışıb velosiped zavodu açmağı planlaşdırırıq. Azərbaycanda velosiped zavoduna böyük ehtiyac vardır.

Prezident İlham Əliyev: Çox yaxşı. Biz indi Bakıda velosiped zolaqları yaradırıq. İndi Yeni bulvar ərazisində bir neçə zolaq vardır. Bilirəm ki, səhər-axşam həm uşaqlar, həm də ki, bəzi hallarda yaşlı insanlar da velosiped sürürlər. Çox yaxşı idmandır. Burada da baxın, fikirləşin. Şəhərsalma ilə bağlı indi kompleks plan hazırlanır. Yəqin ki, burada da velosiped zolaqları olmalıdır. Bu, bizdə əvvəllər çox da yayılmamışdır. Amma bu, həm gözəl idman növüdür, həm də nəqliyyat vasitəsidir. İndi bir neçə ölkədə bundan istifadə edirlər.
Mirdamət Sadıqov: İsmayıllıda həm də böyük maldarlıq və südçülük kompleksi tikilir. Allah qoysa, Sizi açılışına dəvət edəcəyik.

Prezident İlham Əliyev: Elə mən də soruşmaq istəyirdim, çünki ətraf rayonlarda böyük komplekslər tikilibdir.

Mirdamət Sadıqov: Onların təcrübəsinə, tikiliş qaydasına baxdıq.

Prezident İlham Əliyev: Həm südçülük, həm heyvandarlıq?

Mirdamət Sadıqov: Bəli. Biz bir az da geniş götürdük. Həm də kənd camaatını orada iş yeri ilə təmin etmək üçün. Buradan 20 kilometr aralı Keyvəndi kəndi vardır. Orada həm İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun, həm də digər dövlət kreditləri hesabına 1500 başlıq böyük bir kompleks tikilir. Təxminən dekabr ayında hazır olacaqdır.
Prezident İlham Əliyev: Böyük kompleksdir. Buna hələ ehtiyac vardır. Çünki biz bir neçə il əvvəl qarşıya özümüzü əsas ərzaq məhsulları ilə tam təmin etmək vəzifəsini qoymuşuq. Biz bir çox pozisiyalar üzrə təminata 100 faiz çatmışıq. Amma südçülükdə hələ ki, özümüzü 73 faiz təmin edirik. Ona görə südçülük inkişaf etməlidir ki, yaxın 3-4 ilə biz daha xaricdən süd almayaq. Özü də bizdə süd də, yem də, hava da, su da keyfiyyətlidir.

X X X

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Bundan başqa, dörd su anbarı inşa edilmişdir. Həmçinin 31 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.

Prezident İlham Əliyev layihənin uğurla tamamlanması ilə bağlı tapşırıqlarını verdi.

—————-
14.08.2013
21:14

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edilmişdir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.

———
20:51

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Şəkiyə səfərə gəlmişdir.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı daha da genişləndirilmişdir.
———
20:47

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz rayonuna səfəri çərçivəsində 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin istiqamətdə vacib layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir.

Dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın foyesi və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilmişdir. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılmışdır. Uşaqların istirahət otaqlarında müxtəlif nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük fotoları yer almışdır.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi.
———-
20:39

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə oğuzluları təbrik etdi.

Rayon ictimaiyyəti adından çıxış edən İradə Məmmədova dövlətimizin başçısına oğuzluların minnətdarlığını çatdırdı.

Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə baxdı.

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədovbildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən, Oğuz şəhərinə içməli su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinə tapşırılmışdır. Layihə-smeta sənədləri hazırlanmış və “Alıbəyli Şirkəti” MMC tərəfindən birinci mərhələnin işlərinin yerinə yetirilməsinə başlanılmışdır. İkinci və üçüncü mərhələ üzrə işlər podratçı təşkilat – “TTŞ İnşaat” MMC tərəfindən yerinə yetirilir. Layihə üzrə işlərə 2010-cu ilin noyabrında başlanılmışdır. Rayonun su təchizatı sistemlərinin yenidən qurulması üçün mühəndis-axtarış işlərinin işçi layihələndirmə səviyyəsində dəqiqləşdirilməsi və işçi layihələrin işlənməsi Azərbaycan-Türkiyə Konsorsiumu tərəfindən icra olunmuşdur.

Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən müsbət rəy alınan layihə Oğuz rayonunun əhalisinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdir. Yeni içməli su təchizatı sistemi Oğuz şəhərini, həmçinin Bayan, Kərimli, Qumlaq, Şirvanlı, Tayıflı və Xalxalqışlaq kəndlərini əhatə edəcəkdir. Layihəyə əsasən şəhərin 9 min, kəndlərin isə 11 minə qədər əhalisinin – ümumilikdə 19 min 739 nəfərin su ilə fasiləsiz təmin olunması nəzərdə tutulmuşdur. Layihəyə əsasən, su tələbatı saniyədə 47 litrdən bir qədər çox olmalı idi. Hazırda isə Sazur və Almalıq su mənbələri hesabına faktiki təchizat saniyədə 103 litrdir. Tikintisi başa çatdırılan su mənbələrinin potensialı 50 min insanın suya olan tələbatını tam ödəyəcəkdir. Bu isə 2031-ci ildə Oğuz rayonunun əhalisinin içməli su ilə tam təmin olunması deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiqləmişdir.

Bildirildi ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər üç mərhələdə aparılır. Birinci mərhələdə Sazur və Almalıq su mənbələrindən magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən Sazur və Almalıq bulaqları ərazisində yeraltı suların yığılması və süzülməsi üçün üfüqi suyığıcı qurğu tikilmiş, 315 millimetr diametrli polietilen borulardan su anbarlarına qədər 2,3 kilometr uzunluqda magistral su xətti çəkilmişdir. Suqəbuledici qurğular meydançasında tikilən keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları avadanlıqla təchiz edilmişdir. Hər birinin həcmi 1000 kubmetr olan iki yeni su anbarı tikilmişdir. Bundan başqa, həcmi 200 kubmetr olan su anbarı bərpa edilmişdir.

Suqəbuledici qurğular meydançasında transformator yarımstansiyası və generator quraşdırılmışdır. İkinci mərhələdə şəhərin üç zonasında su anbarları sahəsi yaradılmışdır. Hər birinin həcmi 250 kubmetr olan altı su anbarı, həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, yerli “Sukanal” İdarəsi üçün inzibati bina və istehsalat bazası inşa olunmuşdur. Bu mərhələdə içməli su şəbəkəsində müxtəlif diametrli 112,9 kilometr uzunluqda, o cümlədən anbarlararası xətlərdə 8,2 kilometr, şəhər magistral su xətlərində 57,7 kilometrlik, abonent qoşulmalarında isə 47 kilometrlik boru xətti çəkilmişdir. Şəhərdə 4014 abonentin su sayğacı ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Şəhərin kanalizasiya xəttinin ikinci mərhələsində də işlər uğurla başa çatdırılmışdır. Üçüncü mərhələ çərçivəsində gün ərzində məhsuldarlığı 2500 kubmetr olacaq çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya sisteminin potensialı Oğuz şəhərini və Bayan kəndini əhatə edir. Çirkab sutəmizləyici qurğularda müasir texnologiyalar tətbiq olunmuşdur. Çirkab sutəmizləyici qurğular kompleksinin bu ilin sonunda istismara verilməsi planlaşdırılır.
Görülən işlərlə tanış olan Prezident İlham Əliyev şəhərə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
———
20:21

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı Mərkəzin maketinə və layihəsini əks etdirən filmə baxdı. Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdə Ümummilli Liderin möhtəşəm büstü ucaldılacaqdır. Yeni Mərkəzin yaradılması Oğuzda Ulu Öndərin zəngin irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayacaqdır.

Fotoguşədə isə ümummilli liderin uşaqlıq, yeniyetməlik, tələbəlik illərini, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrlər, eləcə də 1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xarici və yerli səfərlərinin ayrı-ayrı məqamları əksini tapacaqdır.

Diqqətə çatdırıldı ki, binanın birinci mərtəbəsində muzey, VİP kabinet, kafe-internet, 3D kinozalı olacaqdır. İkinci mərtəbədə xalçaçılıq və Alban tarixi muzeyləri, kafe-salon, müşavirə otaqları, rəqs və dizayn studiyaları, poliqrafiya emalatxanası, sərgi salonu və digər köməkçi otaqlar fəaliyyət göstərəcəkdir. Üçüncü mərtəbədə milli rəqs studiyası, iki kitabxana, ədəbiyyat, heykəltəraşlıq, kulinariya, kompyuter, xarici dil dərnəkləri üçün otaqlar və inzibati otaqlar yerləşəcəkdir. İnşaat işləri Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin sifarişi ilə Azərbaycan İnşaat və İnvestisiya Qrupu tərəfindən aparılır. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

Dövlətimizin başçısına məlumat verildi ki, Oğuzda Ulu Öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcəkdir.
Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verdi.

———-
20:10

AzərTAc xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevOğuz rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi.
———
17:54

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Sifarişçi Nəqliyyat Nazirliyi, podratçı isə “Polad Yol Yapı” şirkətidir. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz sahəsinin 75-95 kilometrlik hissəsi əsaslı sürətdə yenidən qurulmuşdur. Yolda tikinti işləri zamanı 7 dəmir-beton körpü əsaslı təmir edilmişdir. Bundan başqa, yol ərazisində 13 su keçidi və 7 avtobus dayanacağı, həmçinin bir yol qovşağı da tikilmişdir. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini – Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir.

Qeyd olundu ki, avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin iqtisadiyyatın və turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

——–
17:38

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, təkcə Qəbələ rayonu deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu kompleks mükəmməl infrastruktura malikdir. Kompleksin təchizatı da ən müasir standartlara uyğundur. Otel beş hektar sahədə inşa edilmişdir. Tikinti işlərinə 2012-ci ilin mayında başlanmış, bu ilin avqustunda başa çatdırılmışdır. Yüksək xidmətin göstəriləcəyi bu kompleks, eyni zamanda, nadir memarlıq incilərindən biridir.

Bildirildi ki, avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilən respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. “Qafqaz Karvansaray” otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir. Dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur. Otelin zirzəmi hissəsində 44 yerlik avtomobil qarajı, camaşırxana, hovuz və digər yardımçı otaqlar vardır. “Karvansaray” otel kompleksi 139 super otaq, 12 ailəvi otaq, 6 kral otağı və 2 əlillər üçün otaq olmaqla 159 otaqdan ibarətdir. Oteldə, həmçinin qapalı üzgüçülük hovuzu, kişi və qadınlar üçün bərbərxana və gözəllik salonları, iki türk hamamı, iki buxar hamamı, iki SPA, iki trenajor zalı, bilyard və tennis zalları, iki sauna və massaj otaqları vardır. Kompleksdə 150 nəfərlik restoran, ayrı-ayrılıqda 100 və 12 nəfərlik iclas və konfranslar keçirmək üçün zallar və uşaqların istirahət otaqları fəaliyyət göstərir. Turizm kompleksi mərkəzi kondisioner və istilik sistemi ilə tam təchiz olunmuşdur. Bundan başqa, oteldə 3 fontan quraşdırılmış, ətrafında istirahət üçün yerlər yaradılmışdır. Həmçinin kompleksin ərazisi tam abadlaşdırılmış, yaşıllıq sahəsi salınmış, dekorativ ağaclar əkilmiş və 1 fəvvarə quraşdırılmışdır.

“Qafqaz Karvansaray” oteldə 120 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mükəmməl infrastruktura malik kompleks ən müasir avadanlıqla təchiz edilmişdir. Gözəl dizayn və interyeri ilə seçilən otaqlarda son dövrdə böyük turist axını müşahidə edilən Qəbələnin qonaqlarına yüksək səviyyəli xidmət göstəriləcəkdir. Bildirildi ki, “Qafqaz Karvansaray” otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərəcəkdir.

Otellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

——–
16:04

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevavqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir.

Əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

– Xoş gördük, Qəbələdə açılışlar davam edir. Hər dəfə Qəbələdə olarkən yeni obyektlərin, istirahət zonalarının, sosial obyektlərin açılışında iştirak edirəm. Bu gün də Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Bu Konqres Mərkəzi ulu öndər Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Onun zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində o ağır vəziyyətdən şərəflə çıxa bilmişdir, inkişaf yoluna qədəm qoymuşdur. Biz isə onun yolunu davam etdiririk.

Azərbaycan bu gün ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Həm ölkəmizin iqtisadiyyatı, siyasi potensialı, eyni zamanda, bölgələri inkişaf edir. Qəbələdə belə möhtəşəm binaların, sarayların yaradılması əlbəttə, onu göstərir ki, Azərbaycan sözün əsl mənasında müasir dövlətdir, güclü dövlətdir. Bizim bölgələrimiz də paytaxtdan geri qalmamalıdır. Mən bu vəzifəni bir neçə il bundan əvvəl qarşıya qoymuşam ki, bütün şəhərlər gərək inkişaf etsin və bölgələrdə şərait böyük şəhərlərdə olan şəraitə uyğun olsun.

Qəbələdə, ümumiyyətlə, son illər ərzində böyük quruculuq, inkişaf işləri gedir. Siz bunun şahidisiniz, bu işlərin iştirakçılarısınız. Bu gün böyük aqrokompleksin fəaliyyəti ilə tanış olmuşam. Bu gün, eyni zamanda, yeni otelin açılışı gözlənilir. Artıq bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Bu otellərin fəaliyyəti, eyni zamanda, Beynəlxalq Aeroportun tikilməsi artıq Qəbələni beynəlxalq mərkəzə çevirir. Dünyada indi Qəbələ haqqında kifayət qədər geniş məlumatlar vardır. Burada keçirilən beynəlxalq tədbirlər, siyasi, mədəni tədbirlər Qəbələnin şöhrətini bütün dünyaya yayır. Burada ənənəvi musiqi festivalı keçirilir. Bu yaxınlarda növbəti festival keçirilmişdir. Dünyanın aparıcı musiqiçiləri, ifaçılar, bəstəkarlar Qəbələyə toplaşırlar. Qəbələnin və Azərbaycanın mədəni həyatına bu festivalın fəaliyyəti böyük töhfədir.

Bu günlərdə isə Qəbələdə Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşü keçiriləcək. Bu zirvə görüşünün Qəbələdə keçirilməsi əlbəttə ki, vacib məsələdir. Keçən dəfə Azərbaycanda bu zirvə görüşü 2009-cu ildə Naxçıvanda keçirilmişdir. Naxçıvan da, Qəbələ də Azərbaycanın qədim diyarıdır. Bu şəhərlərin böyük tarixi vardır. Bu dəfə yenə də növbə Azərbaycana çatanda mən qərar qəbul etdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti zirvə görüşü Qəbələdə keçirilsin. Həm qonaqlar Azərbaycanla daha da geniş şəkildə tanış olacaqlar, həm Qəbələ üçün bu tədbirin keçirilməsi əhəmiyyət daşıyır. Bir də ki, burada istənilən beynəlxalq tədbirin keçirilməsi üçün imkanlar vardır. Belə möhtəşəm konqres zalları heç də hər bir ölkədə tikilmir. Aeroport, bir neçə beşulduzlu otel, digər otellər, turizm mərkəzləri, keçən dəfə burada olarkən mədəniyyət mərkəzinin açılması onu göstərir ki, doğrudan da, burada çox böyük işlər görülür. Həm dövlət öz vəsaitini ayırır, bütün infrastruktur layihələri dövlət hesabına icra edilir, eyni zamanda, özəl qurumlar həm biznes sahəsinə, həm də ki, sosial obyektlərə investisiya qoyurlar. Bu, çox sevindiricidir. Çünki biznesin sosial məsuliyyətli məsələləri dünyada geniş müzakirə olunur. Bəzi ölkələrdə böyük bizneslə məşğul olanlar sosial məsələlərə o qədər də diqqət yetirmir. Azərbaycanda isə mənim tövsiyələrimlə biznes qurumları da öz sosial məsuliyyətini dərk edir və sosial məsələlərin həllinə də kömək göstərirlər. İndi Qəbələdə keçən illər də görülmüş işləri siz məndən yaxşı bilirsiniz. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, infrastruktur, sosial obyektlər, aeroport, yollar, qazlaşdırma, elektriklə təchizat, turizm kompleksləri – bütün bunlar düşünülmüş siyasətin nəticəsidir.

Qəbələ artıq beynəlxalq turizm mərkəzinə çevrilibdir. Burada dağ xizək kurortu da yaradılır. Eyni zamanda, Qəbələnin sənaye potensialı da artır. İş yerləri, yeni müəssisələr, zavodlar, fabriklər açılır. Bu fabriklər, zavodlar müxtəlif sahələri əhatə edir. Qəbələnin timsalında biz Azərbaycan bölgələrinin uğurlu inkişafını görürük. Burada görülən işlər yüksək qiymətə, təqdirə layiqdir. Mən bu işləri alqışlayıram. Əminəm ki, gələcəkdə də Qəbələ şəhəri, Qəbələ rayonu uğurla inkişaf edəcəkdir.
Sizə isə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram.

X X X

Rayon sakini Arifə BABAYEVA Qəbələnin sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə qəbələlilərin minnətdarlığını çatdıraraq dedi:

– Möhtərəm cənab Prezident!
İcazə verin, Qəbələnin bütün sakinləri adından Sizi salamlayım və Sizə “Xoş gəlmisiniz” deyim. Bu gün Qəbələdə əlamətdar bir hadisə yaşanır, yeni Konqres Mərkəzi açılır. Azərbaycanın bütün bölgələrində yüksək beynəlxalq tədbirlərin keçirilməsi üçün belə bir möhtəşəm mərkəzin yaranması ölkəmizdə dövlət tədbirlərinin uğurla keçirilməsi istiqamətində atılmış növbəti addımdır. Öz tarixiliyini qoruyub saxlamaqla müasirləşən Qəbələ bu gün artıq yüksək beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları Azərbaycanın, Cənubi Qafqazın mədəni həyatında mühüm rol oynamış və dünyanın mötəbər mədəniyyət tədbirləri sırasına daxil olmuşdur. Artıq Qəbələ ustad musiqiçilərin, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Fürsətdən istifadə edərək, bütün bunlar üçün milli mənəvi dəyərlərimizin, musiqi mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sevindirici haldır ki, Qəbələ 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur. Azərbaycan bu gün sabitlik və tərəqqi məkanı olmaqla bütün dünyada demokratik, hüquqi, dünyəvi bir dövlət kimi tanınır və inkişaf edir. Cənab Prezident, belə Azərbaycanımıza, Qəbələmizə görə çox sağ olun. Möhtərəm cənab Prezident, rayonumuzda nəhəng turizm kompleksləri, iri sənaye və istehsal müəssisələri, müasir informasiya-kommunikasiya texnologiyaları və avadanlıqları ilə təchiz olunmuş tədris mərkəzləri, səhiyyə ocaqları, idman obyektləri tikilir. Qəbələyə gələn hər bir qonaq gündən-günə gözəlləşən şəhərimizə böyük bir heyranlıqla baxır.

Cənab Prezident, biz doğma şəhərimizi heç bir zaman belə möhtəşəm, belə gözəl görməmişik. Bunların hamısı son 10 ilin möcüzələridir. Növbəti illərdə inkişafımız necə olacaq, bunu artıq bizim uşaqlarımız da bilir. Bütün bunlar Sizin gərgin əməyinizin, diqqət və qayğınızın nəticəsidir. Bütün bunlara görə biz Sizə minnətdarıq, cənab Prezident.

Möhtərəm cənab Prezident, biz hər birimiz bilirik ki, Sizin amalınızın ana xətti qüdrətli Azərbaycan, müstəqillik, inkişaf və sosial rifahdır. Siz insanların bütün problemləri ilə maraqlanmaqla, onlara daim qayğı göstərməklə hər bir azərbaycanlının Prezidenti olduğunuzu zaman-zaman nümayiş etdirirsiniz. İstər iqtisadiyyatda, istər cəmiyyətin sosial həyatında elə bir sahə yoxdur ki, Sizin diqqətinizdən kənarda qalmış olsun. Çünki Sizi, ilk növbədə, Azərbaycan vətəndaşının rifahı, onun normal yaşayışı, gənclərimizin hərtərəfli inkişafı, uşaqlarımızın yüksək səviyyədə təhsil alması düşündürür.

Möhtərəm cənab Prezident, biz qəbələlilər Sizin insanlara göstərdiyiniz diqqət və qayğını həmişə yüksək qiymətləndiririk və bu diqqətə, bu qayğıya layiq olmağa çalışırıq. Siz bizim bu günümüzün, övladlarımızın gələcəyinin, sülhün, əmin-amanlığın, torpaqlarımızın bütövlüyünün təminatçısısınız. Tanrı Sizi – bu günümüzün və gələcəyimizin Prezidentini qorusun!
Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, respublikamızı mədəniyyətlərarası dialoqa töhfə verən məkan kimi tanıdır. Bu gün Azərbaycanda regionların sürətli inkişafı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün ölkəmizin bütün bölgələri kimi, Qəbələ də qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada bir sıra yüksək səviyyəli mədəni-humanitar tədbirlər keçirilir. Son illər Qəbələdə dünya standartlarına cavab verən otellər, yollar, beynəlxalq hava limanı tikilmişdir. Qəbələ artıq beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Təsadüfi deyildir ki, MDB-nin üzv dövlətlərinin Humanitar Sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara əsasən 2013-cü ildə Qəbələ “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur. Bu gün gözəl təbiəti və bənzərsizliyi ilə seçilən Qəbələ şəhərinin MDB-nin mədəniyyət paytaxtına çevrilməsində rayonun qədim tarixi də mühüm rol oynayır. Qəbələdə yeni inşa olunan Heydər Əliyev Konqres Mərkəzinin tikintisi isə bir məqamı təsdiqləyir ki, artıq burada istənilən beynəlxalq tədbiri keçirmək mümkündür. Konqres Mərkəzində beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır. Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılmışdır. Bina üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.

Prezident İlham Əliyev konfrans zalı ilə tanış oldu.

Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər – konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki “Fiquleras” şirkəti tərəfindən hazırlanmışdır. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılmışdır. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılmışdır. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilmişdir. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınmışdır. Qaraj iki hissədən ibarətdir. Birinci hissədə minik avtomobilləri, ikinci hissədə isə avtobuslar yerləşdiriləcəkdir. Binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülmüşdür. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulmuşdur. Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilmişdir. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülmüşdür. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınmışdır. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilmişdir. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilmişdir. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilmişdir.

Qeyd olundu ki, ikinci mərhələ üçün nəzərdə tutulmuş göl və gölətrafı sahə yenidən qurulacaqdır. Bu sahə 3 hektar ərazini əhatə edir. Gölətrafı sahədə abadlaşdırma işləri, gölün suyunun bərpası, yaşıllaşdırma işləri yerinə yetiriləcəkdir. İri və xırda dekorativ ağaclar əkiləcək, fontanlar quraşdırılacaqdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

——–
15:51

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələyə səfəri çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə kompleksin inzibati binasında müəssisənin maketinə baxdı.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 20 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.

Diqqətə çatdırıldı ki, kompleksin ümumi dəyəri 25 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 14 milyon manat güzəştli kredit verilmişdir. Heyvandarlıq komplekslərində dünyada kənd təsərrüfatı texnikası istehsalında aparıcı müəssisələrdən olan Almaniyanın “GEA” şirkətinin tam avtomatlaşdırılmış havalandırma, suvarma, qidalandırma, istilik sistemləri və digər ferma avadanlığı quraşdırılmışdır. Min başlıq südlük heyvandarlıq kompleksində “Simmental” cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5 faiz yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş “Simmental” cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilmişdir. Gətirilən heyvanlar artıq yerli iqlimə tam olaraq uyğunlaşmışdır. Əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanmışdır. Heyvanların yaxın vaxtlarda gətirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev sağım prosesinə baxdı. Bildirildi ki, sağım sahəsi bir sağım dövründə 28 baş inək tutumlu “Karusel” tipli avadanlıq, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Bu avadanlıq hər bir sağmal inək üzrə sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir.

Qeyd edildi ki, 1000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksində “Simmental” cinsindən olan ətlik heyvanlar saxlanılır. Bu cins heyvanların çəkiləri gündə orta hesabla 1,4-1,6 kiloqram artır və 65-70 faiz dəyərli zülallar, vitaminlər və mineral maddələrlə zəngin ətvermə qabiliyyətinə malikdirlər. Kompleksin fasiləsiz xammal bazasının təmin edilməsi məqsədi ilə Qəbələ rayonunda 1050 hektar ərazidə yem təsərrüfatı yaradılmışdır. Təsərrüfatda növbəli əkin sisteminin tətbiq edilməsi nəticəsində kompleksin yem təchizatı tam olaraq ödənilir. Əkin, biçin və bütün aqrotexniki işlərin aparılması üçün Almaniyanın “Class” və Hollandiyanın “New Holland” qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət aqroservis yaradılmışdır.
Aqroservis traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərmançiləmə, gübrəsəpən və digər ən müasir aqreqatlarla təchiz edilmişdir. Görülən bütün işlər hesabına məhsuldarlıq göstəriciləri təxminən iki dəfəyədək artırılmışdır. Gələcəkdə aqrar-sənaye kompleksində müasir avadanlıqla təchiz edilmiş ət emalı fabrikinin yaradılması nəzərdə tutulur ki, bu da bütün gigiyenik normalar gözlənilməklə heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasına və istehlakçılara çatdırılmasınadək bütün prosesi əhatə edəcəkdir. Bu layihələrin həyata keçirilməsi respublika əhalisinin keyfiyyətli süd və ət məhsullarına olan tələbatının təmin edilməsi ilə yanaşı, onların ixracını da genişləndirəcəkdir. Aqrar-sənaye kompleksində 200-dən çox insan daimi işlə təmin olunmuşdur.

Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların bəslənməsi, kənd təsərrüfatı texnikasından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir hissəsi Avropa ölkələrində xüsusi kurs keçmişdir. Gələcəkdə digər işçilərin də təcrübələrinin artırılması məqsədi ilə kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

———
15:47

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlmişdir.

Dövlətimizin başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsinin önünə gül dəstəsi qoydu.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verdi ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılmışdır.

———
14:16

AzərTAc xəbər verir ki, avqustun 14-də İsmayıllı şəhərində yeni avtovağzal istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtovağzalın açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi əhəmiyyəti vardır. Avtovağzalların yaradılması həm də bölgələrin inkişafına töhfə verir. Müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunmuşdur. İsmayıllı şəhərində tikilən yeni avtovağzal da ən müasir tələblər səviyyəsindədir.

Məlumat verildi ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanmışdır. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilmişdir. Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılmışdır. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılmışdır. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilmişdir.

Bildirildi ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcəkdir. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunmuşdur.

Dövlətimizin başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxdı.
Prezident İlham Əliyev avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

———
14:04

AzərTAc xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevİsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxdı.

Məlumat verildi ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artmışdır. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur. Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunmuşdur.

Bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılmışdır. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılmışdır. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilmiş, 18 yerdə beton suötürücülər tikilmiş, yolboyu yol-hərəkət nişanları quraşdırılmışdır. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilmiş, kəndlərdə 10 yeni dayanacaq tikilmişdir. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı yeni yolda avtomobili idarə etdi.

———
13:53

AzərTAc xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevİsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.

Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verildi. Bildirildi ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir.

Stansiyanın binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki, bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcəkdir. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi.

———-
13:37

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir.

Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılmışdır. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.

Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.

Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.

———-
13:14

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.

İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizovİsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilmiş, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunmuş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilmişdir. Bundan başqa dörd su anbarı inşa edilmişdir. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.

Daha sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət etdi.
Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

———-
12:56

AzərTAc xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevİsmayıllı rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülmüş, fəvvarələr quraşdırılmış, yaşıllıq salınmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirdi.

Milli.Az

—————-
15.08.2013
02:31

Prezident İlham Əliyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

———
01:45

“Şəkixanovların evi” ilə tanışlıq

———
00:22

Azərbaycan Prezidenti İlham Əliyev Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Şəkiyə səfərə gəlmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Oğuzda 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir

———
00:07

Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlmişdir

Prezident İlham Əliyev Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

—————-
14.08.2013
23:59

Böyütmək üçün şəkillərə klikləyin.
Qəbələdə Heydər Əliyev Konqres Mərkəzi açılmışdır

Yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında iştirak etmişdir

———
23:09

“İsmayıllı-1” Su Elektrik Stansiyası işə salınmışdır

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir

“Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksi istifadəyə verilmişdir

———
22:37

İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışı olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

———
22:29

Prezident İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir

——–
22:17İsmayıllıda yeni avtovağzal istifadəyə verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir

Foto: AzərTAc

Comments are closed.