Zaqatalada əhali qrupu abunəçiləri üçün “smart-kart” tipli su sayğacları quraşdırılır

14.10.2016
|
Comments off
|
Kateqoriyasız

13.09.2016 Zaqatala, 13 sentyabr (AZƏRTAC). Zaqatala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində əhali qrupu abunəçiləri üçün “smart-kart” tipli su sayğaclarının quraşdırılması davam etdirilir.

Layihə üzrə tikinti işlərini yerinə yetirən podratçı təşkilat – “TTŞ İnşaat” MMC-dən AZƏRTAC-a bildirmişlər ki, Zaqatala şəhərində bütün abunəçilərə ümumilikdə 7328 ədəd, o cümlədən əhali qrupu abunəçiləri üzrə 5120 ədəd “smart-kart” tipli su sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. İndiyədək əhali qrupu üzrə 3700-dən artıq abunəçi sayğacla təmin edilmişdir. Yaxın günlərdə sayğac quraşdırılmış abunəçilərə yeni çəkilmiş xətt şəbəkəsi üzrə içməli suyun verilməsinə başlanılacaqdır.

İcrasına 2010-cu ilin noyabrında başlanan Zaqatala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işləri 3 mərhələdə aparılır.

Birinci mərhələdə Talaçay su mənbəyinin, magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır.

İkinci mərhələdə Zilbançay su mənbəyi və yeni su anbarı tikilmiş, mövcud su anbarları bərpa olunmuşdur. Bu mərhələdə şəhər daxilində 99,4 kilometr uzunluğunda su və 87,7 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

Hazırda üçüncü mərhələ üzrə çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Bu mərhələ üzrə işlərin 80 faizi görülmüşdür.

Çirkab sutəmizləyici qurğular kompleksinin 2014-cü ilin birinci rübündə istismara verilməsi nəzərdə tutulmuşdur.

 

Comments are closed.