Tallinn, AZƏRTAC

Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli Estoniyanın Saaremaa adasına səfər edib.
Səfər çərçivəsində M.Nəcəfbəyli Saaremma adasının rəhbərliyi, Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupunun üzvü Kalle Laanet, həmçinin iş adamları və yerli KİV nümayəndələri ilə görüşüb.
Görüşlərdə bu ölkələr arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr, qarşılıqlı səfərlər barədə söhbət açılıb, əlaqələrin genişləndirilməsi üçün yüksək potensialın olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfir M.Nəcəfbəyli ölkəmiz, onun daxili və xarici siyasəti barədə həmsöhbətlərinə məlumat verərək, Azərbaycanda qeyri-neft sektorunun, sənayenin, nəqliyyat infrastrukturunun, turizmin inkişafı, habelə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb.
Estoniya tərəfi də Saaremaa adası, onun ölkənin inzibati-ərazi bölgüsündə yeri və rolu, adada fəaliyyət göstərən iri istehsalat müəssisələri, səhiyyə təşkilatları, buranın investisiya imkanları, iqtisadi və turizm potensialı barədə qonağı məlumatlandırıb. Sonda tərəflər hər iki ölkənin biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparıblar.