Bakı, AZƏRTAC

Daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısı ilə bağlı prosedurlar sadələşdiriləcək, xərclər azaldılacaq. Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin, aidiyyəti dövlət qurumlarının və özəl tərəfdaşların iştirakı ilə “Biznesin yerləşdiyi yer” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol xəritəsinin təqdimatında məlumat verib. Bildirilib ki, sahibkar hər hansı əmlakı üzərinə götürmək və qeydiyyata almaq üçün bir neçə quruma müraciət etməli olur. Bu əsas meyarlardan biri hesab edilir. Qurumların sayının artması onun mənfi qiymətləndirilməsinə, azalması isə müsbət qiymətləndirilməsinə səbəb olur. Qarşıda duran ilk hədəf bu prosedurların, müraciət ediləcək qurumların sayının azaldılması və minimallaşdırılmasıdır. “İkinci meyar çəkilən xərclərdir. Sözsüz ki, qurumların sayı artdıqca xidmət haqları, sənədlərin əldə edilməsi üçün müxtəlif xərclər yaranır. Bu xərclərin optimallaşdırılması qarşıya qoyulan ikinci hədəfdir. Üçüncü meyar isə sənədlərin əldə edilmə imkanlarının asanlaşdırılmasından ibarətdir. Vətəndaş və yaxud sahibkardan minimum sənəd tələb edilməklə bu xidmətin tam yekunlaşdırılması nəzərdə tutulur”,- deyə Leyla Bərxudarzadə qeyd edib.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin idarə heyətinin sədri Nigar Alimova vurğulayıb ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əvvəllər dörd prosedurun həyata keçirilməsi bir həftə vaxt tələb edirdisə, yeniliyə əsasən 
bu, bir gün ərzində cəmi bir prosedurla həyata keçiriləcək.