Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişafa dair Bakı Forumu işə başlayıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan Forumda əvvəlcə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.

Forumun moderatoru, “TRT World”un xəbər müxbiri xanım Maria Ramos Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş ilk Forumun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, Forumda dünyanın müxtəlif regionlarını təmsil edən 30-dan çox ölkədən nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb. M.Ramos Forumun əlamətdar günə – BMT-nin yaradılmasının 73-cü ildönümünə təsadüf etdiyini xüsusi vurğulayıb, bu münasibətlə təbriklərini çatdırıb. O, bu Forumda regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Bakı prinsiplərinin müəyyən edildiyini vurğulayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov VI Beynəlxalq Humanitar Forumun işə başlamasını, hazırda isə Dayanıqlı İnkişaf Məqsədlərinə dair Bakı Forumunun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

Baş nazirin müavini vurğulayıb ki, bu gün bəşəriyyətin üzərində ciddi çalışdığı ən mühüm məsələlər arasında DİM ilə bağlı gündəliyin həyata keçirilməsi mühüm yer tutur. Dayanıqlı İnkişaf Məqsədlərinin dünyada aclıq, yoxsulluq, qaçqın və məcburi köçkün, ədalətsizlik kimi mühüm problemlərin aradan qaldırılması baxımından önəmli sənəd olduğunu vurğulayan Əli Əhmədov bütün bunların bəşəriyyəti düşündürən və həlli vacib məsələlər olduğunu bildirib. Qeyd edib ki, qarşıdakı 12 ildə dünyada yoxsulluğun, aclığın, münaqişələrin olmadığı, insanların xəstəliklərdən əziyyət çəkmədiyi cəmiyyət qurmağa çalışmalıyıq. Bu vəzifələrin böyüklüyü həmin məqsədlərə nail olunması üçün daha ciddi çalışmağı zəruri edir.

Bu baxımdan Azərbaycanın təcrübəsini diqqətə çatdıran Baş nazirin müavini ölkəmizin bugünkü inkişaf səviyyəsinə 12-14 il ərzində nail olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, DİM üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsi Azərbaycanın dövlət siyasətinin ən əhəmiyyətli tərkib hissələrindən biridir. Son 15 ildə ölkəmizdə 1 milyondan çox yeni iş yerinin yaradıldığını diqqətə çatdıran Əli Əhmədov Bakının və regionların sürətlə inkişaf etdiyini deyib. Bu baxımdan Azərbaycanın dünyaya örnək təqdim etdiyini vurğulayan Baş nazirin müavini ölkəmizin 30 ilə yaxın müddətdə 1 milyondan çox qaçqın və məcburi köçkün probleminə baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın qısa müddətdə qazandığı nailiyyət üzərimizə düşən bu böyük missiyanın da öhdəsindən uğurla gələcəyimizi, dünyanı köklü surətdə dəyişdirməyin mümkün olduğunu deməyə əsas yaradır. Bunun üçün dünya liderləri öz iradələrini ortaya qoymalı, qaçqın və məcburi köçkün problemləri həll edilməli, münaqişələr və müharibələr aradan qaldırılmalıdır. Bunlarsız 2030-cu ilədək DİM-ə nail olmaq mümkün deyil.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında regional əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edən Əli Əhmədov bildirib ki, yalnız bu yolla sosial problemləri həll edə, digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq imkan qazana bilərik.

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının uğurlu fəaliyyətindən danışan Əli Əhmədov Bakı Forumunun bu işə böyük töhfə verəcəyinə əminliyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai 73 il əvvəl qəbul olunan BMT Nizamnaməsinin və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin Minilliyin İnkişaf Məqsədlərinin əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, DİM-ə nail olmaq üçün sözdən əmələ keçməli, 2030-cu ilədək Yol xəritələri, büdcə ilə uyğunlaşdırılmış Milli planlar müəyyən edilməlidir. Bundan başqa, QHT-lərin səyləri birləşdirilməli, innovasiyalardan geniş istifadə edilməlidir. Bu isə bütün bəşəriyyətin kütləvi şəkildə səmərəli fəaliyyət göstərməsini şərtləndirir.

DİM Gündəliyinin tələblərinə uyğun olaraq, bütün məlumat bazalarının uyğunlaşdırılmasının önəmini vurğulayan Q.İsakzai bildirib ki, bu baxımdan Azərbaycanda ciddi addımlar atılıb. BMT-nin ölkə nümayəndəliyi ilə sıx əməkdaşlıq edən Azərbaycan 2017-ci ildə ilk milli icmalı hazırlayıb təqdim edib. Azərbaycan buna görə BMT-dən müvafiq qiymətləndirməni də alıb. Növbəti – 2018-ci il üçün də icmal hazırlanmalıdır. Azərbaycan ilk ölkələrdəndir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin Bakı prinsipləri adlandırılan ümumi siyahısını tərtib edib. Biz sabah bu siyahını təsdiqləyəcəyik.

Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluq duyduğunu vurğulayan BMT nümayəndəsi Bakı Forumunun 2030-cu ildə DİM-ə nail olunmasına mühüm töhfə verəcək müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOS) sədri xanım İnqa Ronda Kinq Forumda iştirakından məmnunluğunu bildirib və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, DİM ilə bağlı qəbul olunan gündəlikdə bir sıra öhdəliklər – yoxsulluğun azaldılması, cəmiyyətin bütün təbəqələrinin hüquqlarının təmin olunması və s. mühüm hədəflər müəyyənləşdirilib. DİM-in həyata keçirilməsi məsələsində ölkələr arasında müəyyən fərqlərin olduğunu vurğulayan İnqa Ronda Kinq bildirib ki, son məqsədə çatmaq üçün indiyədək əldə olunan irəliləyiş kifayət deyil. Həssas qruplarla bağlı daha çox səy göstərilməsinə ehtiyac var. Bu baxımdan DİM-ə nail olmaq üçün siyasi vasitələrdən istifadə edilməli, ölkələrarası əməkdaşlıq genişləndirilməlidir. Çünki heç bir ölkə bu məqsədləri təkbaşına həyata keçirə bilməz. Bu prosesə dövlətlə yanaşı, özəl sektor və vətəndaş cəmiyyəti institutları da fəal qoşulmalıdır. O, görülən işlərə dair icmalın təqdim edilməsində Azərbaycanın ilk ölkələrdən olduğunu vurğulayıb və buna görə minnətdarlığını ifadə edib.

Slovakiya Baş nazirinin investisiya və informasiyalaşdırma məsələləri üzrə müavini Riçard Raşi Forumun əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, dayanıqlı inkişaf, ilk növbədə, bütün dövlətlərin siyasətlərində əsas istiqamətlərdən birini təşkil etməlidir. Bu məqsədə nail olunmasında cəmiyyətin bütün təbəqələri mühüm rol oynamalıdır. Bu baxımdan dövlət və özəl sektorla yanaşı, maraqlı tərəflərin geniş cəlb edilməsinin də əhəmiyyəti böyükdür.

Ölkəsinin təcrübəsindən danışan Riçard Raşi diqqətə çatdırıb ki, Slovakiyada Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Slovakiyada investisiya planları işlənərkən, dövlət büdcəsi formalaşdırılarkən bu məsələnin DİM ilə əlaqələndirilməsinə xüsusi diqqət yetirilir. DİM üzrə bütün öhdəliklər ortaq məqsəd olduğundan bununla bağlı gənclər arasında geniş maarifləndirmə işi aparılmalı, bu prosesdə onların iştirakına nail olunmalıdır.

Belarusun Milli Assambleya Şurasının sədr müavini Marianna Şyotkina bildirib ki, hazırda cəmiyyətlərin qarşısında duran bütün problemlərin həllində DİM mühüm rol oynayır. Lakin bu məqsədlərə necə nail olunması ilə bağlı müzakirələr daha geniş aparılmalı, bu yollar aydınlaşdırılmalıdır. Dayanıqlı inkişafda əsas məqam bugünkü nəslin ehtiyaclarını təmin edərkən gələcək nəsil üçün problem yaratmamaqdır. Bu baxımdan DİM-ə nail olunması yolları ətraflı müzakirə edilməli, əməkdaşlıq gücləndirilməlidir.

DİM-ə nail olunmasında özəl sektorun və vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməsinin önəmini vurğulayan M.Şyotkina belə mühüm müzakirənin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

BMT baş katibinin köməkçisi Rəşid Xalikov Azərbaycan hökuməti ilə BMT arasında səmərəli əməkdaşlığa görə minnətdarlığını bildirib, DİM Gündəliyinin məqsədinin mövcud ehtiyacları ödəmək, riskləri azaltmaq olduğunu deyib. R.Xalikov vurğulayıb ki, gündəlik ədalətli qloballaşmaya yönələn sənəddir. Bu gündəlik BMT sistemi və tərəfdaşlar üçün strateji istiqamətdə qarşılıqlı əməkdaşlığa şərait yaradır. Gündəlik inkişaf və humanitar istiqamətləri ölkə səviyyəsində bir araya gətirir. İnanırıq ki, bizim birgə nəticələrimiz insanların həyatında konkret, ölçülə bilən inkişafa və nailiyyətlərə gətirib çıxaracaq.

Baş katibin köməkçisi humanitar və inkişaf məqsədlərinə nail olunması üçün BMT tərəfindən rəhbər komitənin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd yerli təşkilatların rolunu artırmaq, beynəlxalq qurumların çəkisini azaltmaqdır. Çünki bu prosesdə müxtəlif QHT-lər, vətəndaş cəmiyyəti institutlarının daha fəal iştirakına şərait yaradılmalıdır.

BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə bürosunun rəhbərinin müavini Rastislav Vrbenski belə mühüm məsələlərin müzakirə olunduğu Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Azərbaycanın DİM-i müvafiq sənədlərə daxil etməsinin böyük uğur olduğunu və ölkəmizin artıq ikinci icmalı təqdim etməyə hazırlaşdığını xüsusi vurğulayan R.Vrbenski respublikamızın bu baxımdan öncül ölkələrdən olduğunu vurğulayıb. Bakı prinsiplərinin artıq formalaşdığını deyən R.Vrbenski DİM-ə nail olunması istiqamətində dinamikanın yüksək olduğunu qeyd edib, bu baxımdan maliyyələşmə üsullarının da mühüm rol oynadığını diqqətə çatdırıb.

BMT baş katibinin müavini, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Forum iştirakçılarına videomüraciətində DİM-ə həsr olunan tədbirin səmərəli müzakirələr aparmaq və müsbət təcrübələrlə tanışlıq baxımından mühüm imkan olduğunu deyib. Azərbaycanın DİM üzrə görülən işlərə dair ikinci icmal sənədini təqdim etməyə hazırlaşdığını vurğulayan O.Alqayerova ölkəmizin bu baxımdan ilk sıralarda yer aldığını söyləyib.

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom videomüraciətində bildirib ki, ötən il DST 47 ölkədə müxtəlif təhlükələrin aradan qaldırılması istiqamətində ciddi fəaliyyət göstərib. Buna baxmayaraq, dünya əhalisinin yarıdan çoxu hələ də kifayət qədər tibbi xidmətlərdən yararlana bilmir. Tibbi sığorta DİM-ə nail olunması baxımından çox əhəmiyyətlidir. Çünki səhiyyə insan inkişafının təməlidir.

Tedros Adhanom Forumda səhiyyə məsələlərinin də müzakirə olunacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra DİM üzrə seçilmiş “Gənc səfirlər” Forum iştirakçılarına təqdim olunub və onlar mükafatlandırılıblar.

Çıxışlardan sonra qısa fasilədə BMT günü münasibətilə DİM üzrə mahnıların təqdimatı olub.

Qısa fasilədən sonra Forum işini “Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, tam və səmərəli məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək” mövzusunda birinci sessiya ilə davam etdirib.

Sessiyanın moderatoru “TRT World”un xəbər müxbiri xanım Maria Ramos bildirib ki, tədbirdə dayanıqlı və inklüziv iqtisadi artımı təşviq etmək, hər kəs üçün tam, məhsuldar məşğulluq və layiqli iş, icra vasitələrini gücləndirmək, qlobal və regional tərəfdaşlığı yenidən canlandırmaq və DİM-in həyata keçirilməsində özəl şirkətlərin rolu məsələləri müzakirə olunacaq.

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, DİM-in zəruriliyi hamı tərəfindən qəbul olunur. DİM-in üç əsas prinsipinin – inklüzivliyin təmin edilməsi, ətraf mühitin qorunması və iqtisadi artımın gücləndirilməsi olduğunu vurğulayan nazir ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlərdən danışıb.

Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluğu istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran nazir qanunvericiliyin təkmilləşdirildiyini, məşğulluqla bağlı yeni qanunun, əlilliklə bağlı bir sıra hüquqi aktların qəbul edildiyini bildirib. Sahil Babayev ölkəmizdə əmək bazarının ehtiyacları ilə insan resursları arasında təhlillər aparıldığını, əməyin mühafizəsi fondunun, ixtisaslı işçi qüvvəsinin yaradılması, peşə tədrisi və təhsili istiqamətində silsilə işlərin görüldüyünü, institusional potensialın genişləndirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, təkcə bu ilin doqquz ayında 100 mindən çox vətəndaşa peşəyönümlü dəstək, məsləhət, tədris və s. yardımı göstərilib. Özünüməşğulluq proqramının icrası məşğulluq imkanları məhdud olan şəxslərin əmək bazarında tam şəkildə iştirak etməsinə imkan yaradacaq.

Nazir bildirib ki, son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdəki əmək qüvvəsi olmadan həyata keçirilə bilməzdi. Bütün bu uğurlar Azərbaycanın əmək resurslarının peşəkarlığının göstəricisidir. Azərbaycan gənc bir ölkə kimi qarşıda duran çağırışlara hər zaman adekvat cavab verir. Bizim əmək bazarımıza hər il 100 minə yaxın yeni işçi qüvvəsi daxil olur. Buna görə də biz mövcud işsizlərin problemlərini həll etməklə yanaşı, əlavə yüz min şəxsə imkanlar yaratmalıyıq. Buna görə də Azərbaycan bu sahədə mütəmadi olaraq qazandığı uğurları daha da inkişaf etdirəcək.

Sahil Babayev xüsusi qeyd edib ki, Azərbaycan təkcə ölkəmizdə deyil, eyni zamanda, regionda məşğulluğun təmin olunmasına və iqtisadi artıma böyük töhfə verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr bütün regionun iqtisadi artımına və məşğulluğuna ciddi dəstəkdir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanın son 15 ildə əldə etdiyi uğurlar ölkəmizi DİM üzrə əsas hədəflərə nail olmağa yaxınlaşdırıb.

Ziyad Səmədzadə qeyd edib ki, DİM dünyanın yaxşı mənada oyun qaydalarının dəyişməsinə yönəlib. Dünya əvvəlki kimi idarə oluna, iqtisadi inkişaf proqnozlarını elan edə bilməz. DİM-in hədəflərinin hər birinin arxasında insan amili durur. Bu amil qloballaşan dünyada bazar iqtisadiyyatının hökmran olduğu şəraitdə heç də həmişə insanların rifahının yaxşılaşması ilə müşayiət olunmur. Hazırda dünyada böhranın, yoxsulluğun olmasının kökündə vaxtilə həyata keçirilən iqtisadi siyasətdə insan amilinin nəzərə alınmaması dayanır. DİM-ə nail olmaq insanların həyat səviyyəsinin, məşğulluqlarının artması, layiqli əməklə məşğul olması deməkdir. Buna görə də qloballaşan dünyada oyun qaydaları dəyişməlidir. Bu, DİM üçün tələb olunan maliyyələşmə mənbələrinə çıxış imkanlarının asanlaşması deməkdir.

Qloballaşmanın milli suverenliklərə təsirindən danışan Milli Məclisin komitə sədri bildirib ki, bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurların əsasında müstəqil siyasət yürütməsi dayanır. Azərbaycan bir sıra xarici təzyiqlərə baxmayaraq, özünün təbii sərvətlərini özəlləşdirmədi, bir sıra layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ciddi qətiyyət nümayiş etdirdi. Azərbaycanın milli mənafeləri ön plana çəkməsi, qonşu ölkələrlə sıx əməkdaşlığı bu layihənin uğurla başa çatdırılması ilə nəticələndi.

İqtisadi artımı təmin edən amillərin ön plana çəkilməsinin vacibliyini vurğulayan Ziyad Zəmədzadə deyib ki, qloballaşan dünyada DİM-ə nail olmaq üçün dövlətin rolu obyektiv qiymətləndirilməlidir. Dövlət bu prosesdən kənarlaşarsa, həmin məqsədlərin heç birinin həyata keçirilməsi mümkün olmayacaq. Buna görə də DİM-ə çatmaq üçün hər bir ölkədə konsensus olmalıdır.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəsinin DİM-ə nail olunmasına, götürdüyü öhdəliklərin yerinə yetirilməsinə çalışdığını bildirib. Rusiyada iqlim dəyişikliyinin qarşısının alınması və dayanıqlı inkişaf komissiyası yaradılıb, bir sıra mühüm sənədlər qəbul olunub. Rusiyanın uzunmüddətli sosial-iqtisadi inkişaf proqramında ərzaq təhlükəsizliyi, ekoloji təhlükəsizlik məsələləri ilə yanaşı, texnoloji inkişaf və s. məqamlar da əksini tapıb.

“Ernst and Young” beynəlxalq audit şirkətinin iqlim dəyişiklikləri və xidmətlərin dayanıqlılığı (Aralıq dənizi regionu) üzrə tərəfdaşı Rikkardo Giovannini çıxışında DİM-ə nail olunmasında özəl sektorun fəaliyyətindən danışıb. Bildirib ki, bu prosesdə şirkətlər əvəzsiz rol oynayırlar. Mənfəət prinsipi üzrə işləmələrinə baxmayaraq, şirkətlər DİM-ə nail olunmasına mühüm töhfə verə bilərlər.

BMTİP/BƏT-in məşğulluq üzrə regional məsləhətçisi (Avropa və MDB üzrə) xanım Vesna Dzuteska Bişeva çıxışında inklüziv artım və inklüziv məşğulluq məsələlərinə toxunub. O, inklüzivliyin cəmiyyətdə iqtisadi artımla yanaşı, vətəndaşlar arasında gəlirlərin bərabər səviyyədə təmin olunmasına, iqtisadiyyatın şaxələndirilməsinə də mühüm təsir etdiyini bildirib. Qeyd edib ki, kiçik konseptual fərqlərdən asılı olmayaraq, artım və bərabərlik arasında tarazlığın təmin olunması əhalinin rifahına mühüm töhfə verir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov Azərbaycanda DİM-in həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolundan və onun fəallığının artırılmasından danışıb. Bildirib ki, bu prosesdə iqtisadi artımın dayanıqlılığı və inklüzivliyi mühüm rol oynayır. Vətəndaş cəmiyyəti əsas maraqlı tərəflərdən biri kimi DİM-ə nail olunmasında mühüm iştirak etməlidir. O vurğulayıb ki, vətəndaş cəmiyyəti dövlət proqramlarının reallaşdırılmasının, eləcə də DİM-ə nail olunması istiqamətində görülən işlərin monitorinqini keçirə bilər.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini sessiyalarla davam etdirəcək.