Bakı, 30 avqust, AZƏRTAC

Son illər paytaxtda salınan yeni parklar şəhərin ekoloji durumunu daha da yaxşılaşdırıb. Dövlət başçısının təşəbbüsü ilə açılan yeni parklar müasir Bakının simasını daha da gözəlləşdirib. Şəhər əhalisinin ilbəil artması da yaşıllıqlara olan tələbatı xeyli artırıb. Havanın tənzimlənməsi baxımından bu parkların əhəmiyyəti böyükdür.

Bu barədə açıqlamasında memar Fəzail Bayramov deyib. O bildirib ki, son bir neçə ildə Bakı və onun ətraf qəsəbələrində 65 yeni mədəniyyət və istirahət parkı salınıb. Bununla yanaşı, 100-dən çox park əsaslı təmir olunub. Paytaxtın müxtəlif ərazilərində salınan parkların sayəsində insanlar istirahət edir və asudə vaxtlarını səmərəli keçirirlər. Bununla yanaşı, Bakı şəhərində əhali artımını, şəhərin ekoloji vəziyyətini nəzərə alsaq, parkların salınmasında yaşıllıq amilinə xüsusi diqqət yetirilməlidir.

Memar qeyd edib ki, müasir şəhərlərin ekoloji vəziyyətinin müsbət istiqamətə yönəldilməsinin əsas həll yollarından biri də parkların layihələndirilməsi zamanı zəngin yaşıllıq zolaqlarına xüsusi yer verilməsi ilə bağlıdır. Parkların layihələndirmə həllinə sıx yaşıllıq örtüyündən əlavə, müxtəlif və çox sayda funksional zonaların daxil edilməsi də mühüm amillərdən biridir.

Onun sözlərinə görə, parkların funksional zonalarının layihələndirilməsində müasir dövrün əsas tələbi inklüziv zonaların təşkilidir. Yəni, iri şəhərlərdə dayanıqlı rekreasiya zonalarının layihələndirilmə prosesində müxtəlif sağlamlıq imkanlarına malik insanların istirahəti nəzərə alınmalıdır: “Bir çox parklarda ərazinin mikro və makro iqlimini formalaşdıran yaşıl əkililərlə müqayisədə daha çox dekorativ bitki örtüyünə geniş sahələr ayrılıb. Bu isə parkların dayanıqlı rekreasiya potensialının inkişafına mane olur. Bu baxımdan, park ərazisində oksigen ifraz edən ağacların sayının artırılması məqsədyönlü addım olardı”.

Bakıda son illər geniş və çoxfunksiyalı parkların istifadəyə verildiyini deyən memarın fikrincə, bu parkların əksəriyyəti keçən illərdə salınan nümunələrdən çoxfunksionallığı və geniş ərazisi ilə seçilir.

F.Bayramov vurğulayıb ki, müasir dövrdə çoxfunksiyalı parkların layihələndirilməsində əsas tələblərdən biri inklüziv zonaların təşkilidir. Ümumiyyətlə, iri şəhərlərdə rekreasiya zonalarının dayanıqlı potensialının təşkili üçün şəhərin estetik, mədəni-tarixi, iqtisadi-sosial potensialını yüksəldən, inkişaf etdirən parklar layihələndirilməsi önəmlidir.