Fiziki şəxsin mülkiyyətində olan mənzilə görə əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Dövlət Vergi Xidmətinin məlumatına görə, bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır.

Fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergiödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.